RU

NATO-nun Baş katibi müttəfiqlərdən ABŞ silahlarının alınması üçün təkliflər gözləyir

Berlin, 3 dekabr, AZƏRTAC

NATO-nun Baş katibi Mark Rutte Alyansa üzv dövlətlərin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə müttəfiq ölkələrin gələn il Ukrayna üçün ABŞ istehsalı olan silah-sursatın alınmasına ayda ən azı bir milyard dollar xərcləməli olduqlarını bildirib.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, M.Rutte hava hücumundan müdafiə sistemləri üçün həyati əhəmiyyət daşıyan raketlərlə yanaşı, hücum xarakterli sistemlərə də ehtiyac olduğunu qeyd edib.

Nəşrin məlumatına görə, bu silah-sursatın alınması “Purl” (Prioritised Ukraine Requirements List – Ukraynaya dair prioritet tələblər siyahısı) təşəbbüsü vasitəsilə həyata keçiriləcək. Bu təşəbbüs ABŞ Prezidenti Donald Trampın tələblərinə cavab olaraq işə salınıb. Donald Tramp hesab edir ki, indiyədək Ukraynaya dəstək göstərilməsi işində ABŞ-ın yükü həddən artıq olduğu üçün bundan sonra digər müttəfiqlər əlavə hərbi yardımının maliyyəsini öz üzərinə götürməlidir. Təşəbbüsə əsasən, ABŞ-da istehsal olunan silah-sursat Avropa müttəfiqlərinə və Kanadaya satılır və daha sonra həmin dövlətlər bu silahları Ukraynaya təhvil verirlər.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful iclasda ölkəsinin Ukrayna üçün ABŞ-dan iki yeni paket üzrə 200 milyon dollar ayıracağını bildirib. Polşa, Norveç və Niderlandla birlikdə hazırlanan bu paketlər artıq maliyyələşdirilmiş 500 milyon dollarlıq paketə əlavə qismində təqdim edilir və cari illə bağlı tələbatın ödənilməsi üçün nəzərdə tutulub. Y.Vadeful Almaniyanın əlavə olaraq NATO fonduna 25 milyon avro köçürəcəyini açıqlayıb. Bu vəsaitin məqsədi Ukrayna əsgərlərinin lazımi qış avadanlığı və tibbi təminatla təchiz olunmasını təmin etməkdir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
60
azertag.az

1Источники