RU

Malayziyanın tanınmış alimi BMU-da tələbələrə master-klas keçib

Putra Malayziya Universitetinin (UPM) nüfuzlu alimi, mexaniki və istehsalat mühəndisliyi üzrə dünya səviyyəli tədqiqatçı, professor Mohd Khairol Anuar bin Mohd Ariffin Bakı Mühəndislik Universitetində (BMU) olub.

BMU-dan bildirilib ki, malayziyalı alim “Scopus” H-indeksi 22, “Google Scholar” H-indeksi 24, 200-dən çox beynəlxalq elmi nəşr və ASME, IEM, MySET kimi nüfuzlu mühəndislik təşkilatlarının üzvüdür. Onun tədqiqat sahələrinə istehsalat sistemlərinin optimallaşdırılması, CNC emalı, 3D çap texnologiyaları və proses modelləşdirilməsi daxildir.

Ziyarət çərçivəsində professor BMU-nun laboratoriyaları ilə tanış olub, universitetin müasir texnoloji imkanlarını yüksək qiymətləndirib. O, həmçinin Mühəndislik fakültəsində tələbələrə master-klas keçərək öz tədqiqat təcrübəsini və sahə üzrə innovativ yanaşmaları paylaşıb. Beynəlxalq səviyyədə tanınmış alim müasir istehsalat mühəndisliyində yeni həllər, sənayedə rəqəmsallaşma və məhsuldarlığın artırılması üzrə elmi nəticələrini tələbələrlə bölüşüb.

Professor tələbələrin yüksək hazırlıq səviyyəsini vurğulayaraq, gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikirlərini ifadə edib. Master-klas tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

UPM professoru ilə aparılan müzakirələr zamanı belə əməkdaşlıqların tələbələrin tədris və tədqiqat fəaliyyətlərinin beynəlxalq standartlara uyğun inkişafına əhəmiyyətli töhfə verdiyi vurğulanıb. Eyni zamanda, gələcək akademik əməkdaşlıq və birgə tədqiqat məsələlərinə toxunulub.

Qeyd edək ki, UPM dünya universitetləri arasında yüksək mövqeyə malikdir və hazırda QS World University Rankings siyahısında 134-cü yerdə qərarlaşıb.

Избранный
14
tehsil.biz

1Источники