ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın sosial müdafiə sistemi növbəti mərhələyə qədəm qoyur. Belə ki, maliyyə naziri Sahil Babayevin açıqlamasına görə, 2026-cı il dövlət büdcəsi çərçivəsində ölkə əhalisinin azı 95 faizi icbari tibbi sığorta ilə tam əhatə olunacaq.
Bu addım təkcə maliyyə resurslarının artırılması deyil, həm də sosial ədalətin gücləndirilməsi, əlilliyi olan şəxslərdən tutmuş işsizlərə qədər geniş kateqoriyaların tibbi xidmətlərə çıxışının təmin olunması məqsədini daşıyır. Nazir bildirib ki, dövlətin sığorta etdiyi şəxslərin sayı 9 dəfə artırılacaq, işsizlərin sığortalanması isə qanunvericilikdə birbaşa qeyd olunan ilk təcrübədir. Bu inqilabi addımın həyata keçirilməsi üçün təxminən 900 milyon manat ayrılıb ki, bununla da milyonlarla vətəndaşın tibbi xidmətlərə çıxışı təmin olunacaq.
Bəs bu sığorta nələri əhatə edəcək? Paketə nələr daxildir?
Globalinfo.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvi Rövşən Muradov deyib ki, dəyişiklik tibbi sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən sığortalıların dairəsinin və icbari tibbi sığorta üzrə sığorta haqlarının məbləğlərinin dəqiqləşdiriməsi məqsədilə hazırlanıb:
“Dəyişikliyə əsasən “Məşğulluq haqqında” Qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalıların ayrıca kateqoriyası olaraq müəyyən edilir. O kəslər sığortalı qismində özləri çıxış edəcəklər və onlar tərəfindən ödənilməli olan icbari tibbi sığorta haqqının məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək”.
Rövşən Muradov
R.Muradov daha bir məsələyə aydınlıq gətirib:
“Məşğulluq haqqında” Qanununun 1.1.9-cu maddəsinə əsasən qeyri-formal məşğulluq dedikdə Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Mülki Məcəlləsinə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə kəndli təsərrüfatı haqqında” Qanununa uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsi nəzərdə tutulur”.
İqtisadçı Asif İbrahimov deyib ki, 2020-2023-cü illər ərzində icbari tibbi sığorta paketində xeyli dəyişikliklər baş verib:
“Əvvəl paketə 2550 tibbi xidmət daxil idisə, 2023-cü ildən Nazirlər Kabinetinin qərarı ilə əlavə 3315 xidmət tətbiq olunmağa başladı. Bu, tibbi xidmətlərin sayının əhəmiyyətli dərəcədə artırılması deməkdir. Nəticədə Azərbaycan vətəndaşları daha geniş spektrli tibbi xidmətlərdən yararlanmaq imkanına malik olublar. Yeni xidmətlər arasında diagnostik və instrumental xidmətlər, bəzi əməliyyatlar, stasionar və ambulator tibbi xidmətlər daxildir. Estetik əməliyyatlar istisna olmaqla, xroniki xəstəliklər, məsələn, xroniki böyrək çatışmazlığı kimi hallar da paketə daxil edilib və dövlət tərəfindən tənzimlənir”.
İqtisadçının sözlərinə görə, əvvəllər işsizlərin icbari tibbi sığortası tam şəkildə dövlət tərəfindən təmin edilmirdi:
“Dövlət yalnız sosial statusu aşağı olan şəxslərin, hamilə qadınların, məcburi köçkünlərin və aztəminatlı ailələrin tibbi xidmətlərini qarşılayırdı. Lakin maliyyə naziri Sahil Babayevin açıqlamasına görə, 2026-cı ilin büdcəsində 900 milyon manat əlavə vəsait işsiz, qeydiyyata düşmüş şəxslərin icbari tibbi sığortasının ödənilməsi üçün ayrılacaq. Nazir qeyd edib ki, 2023-cü ildə qəbul edilmiş xidmətlər paketinin siyahısında əsas dəyişikliklər olmasa da, vəsaitin ayrılması işsiz və öz icbari tibbi sığortasını ödəyə bilməyən şəxslərin əhatə dairəsini genişləndirmək məqsədini daşıyır”.
Asif İbrahimov
Asif İbrahimov onu da qeyd edib ki, praktikada vətəndaşlar xidmətlərdən istifadə edərkən bəzi texniki və kodlaşdırma məsələlərində problem yaşaya bilərlər:
“Lakin nazirin açıqlamasına görə, əsas məqsəd icbari tibbi sığortasını ödəməyə imkanı olmayan şəxslərin tibbi xidmətlərə çıxışını təmin etməkdir. Bu addımın təsirini praktikada müşahidə etmək hələ zaman tələb edir”.
Zaira Akifqızı
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.