ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Əhməd Rəcəbli küçəsində, “Elit” Ticarət Mərkəzindən “Dərnəgül” metrosu istiqamətində hərəkət edən sürücülər üçün yeni təhlükə yaranıb.
Avtosfer.az xəbər verir ki, ərazidə aparılan təmir işləri zamanı qazılan çuxurun üstü işlər bitdikdən sonra bağlanmayıb və aidiyyəti qurum əməkdaşları ərazidən uzaqlaşıb. Bunun nəticəsində həm nəqliyyat vasitələrinin hərəkəti çətinləşib, həm də həmin ərazidə yaşayan sakinlər üçün ciddi təhlükə yaranıb.
Sürücülər bildirirlər ki, xüsusən də qaranlıq vaxtlarda çuxur görünmədiyi üçün qəza riski xeyli artır. Yolun dar hissəsində yaranan bu maneə həm axıcılığı pozur, həm də avtomobillərin alt hissəsində zədələrə səbəb olur. Sakinlər dəfələrlə xəbərdarlıq etsə də, problemin aradan qaldırılmaması narazılıq yaradıb.
Qeyd edək ki, dünən Binəqədi rayonu İlham Hacıyev küçəsində də analoji problem müşahidə edilmişdi. Həmin ərazidə çuxurun bağlanması əvəzinə üzərinə sadəcə çınqıl tökülərək vəziyyəti müvəqqəti şəkildə ört-basdır etməyə çalışıblar. Lakin aparılan yarımçıq “təmir” nəticəsində yol yenə də bərbad vəziyyətdə qalıb və nəqliyyat üçün təhlükə yaratmaqda davam edir.
Sakinlər və sürücülər aidiyyəti qurumları məsuliyyətli olmağa, qazıntı işlərindən sonra yolların standartlara uyğun bərpa edilməsini təmin etməyə çağırırlar.
Eltac Zülfüqaroğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.