RU

Antarktida üzərində ozon dəliyi bərpa olunur

BAKI, 4 dekabr. TELEQRAF

Antarktida üzərində ozon dəliyi bərpa olunur, tezliklə tam bağlana bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Kopernik Atmosferə Nəzarət Xidmətinin (CAMS) araşdırmasına görə, hər il Antarktida üzərində yaranan ozon dəliyi dekabrın 1-də bağlanıb. Bu, təkcə gözləniləndən daha tez baş verməyib, həm də 2019-cu ildən bəri ən erkən bağlanma olub.

Bundan əlavə, 2025-ci ildə ozon dəliyi öz pik dövründə son beş ilin ən kiçik ölçüsünə - 21,08 milyon kvadrat kilometrə çatıb.

Artıq ikinci ildir burada ozon dəliyi əvvəlki illərin böyük və uzunmüddətli dəlikləri ilə müqayisədə nisbətən kiçik olur. Bu isə yaxın onilliklər ərzində ozon qatının tam bərpası ümidlərini gücləndirir.

Kopernik Atmosferə Nəzarət Xidmətinin direktoru doktor Lorans Ruyil erkən bağlanmanı və nisbətən kiçik ölçünü “ümidverici siqnal” adlandırıb: “Bu, ozon qatının bərpasında artıq hər il müşahidə etdiyimiz stabil irəliləyişi göstərir”.

Nəşr yazıb ki, burada ozon dəliyi texniki cəhətdən tam mənada “dəlik” anlamına gəlmir, bu, sadəcə Antarktida üzərində ozonun kəskin şəkildə azalması deməkdir.

Adətən ozon dəliyi avqustda açılır, sentyabr-oktyabr aylarında maksimuma çatır, noyabrın sonu - dekabrın əvvəlində bağlanır.

2025-ci ildə ozon dəliyi nisbətən erkən, avqustun ortalarında formalaşmağa başlayıb. Avqustun sonunda onun ölçüsü bir qədər kiçilib, amma sentyabrın əvvəlində yenidən artaraq maksimuma - 21,08 milyon kvadrat kilometrə çatıb. Alimlər deyirlər ki, bu ölçü həmin dövr üçün tamamilə tipikdir, amma 2023-cü ildəki maksimum (26,1 milyon kvadrat kilometr) ilə müqayisədə xeyli kiçikdir.

Sentyabr boyunca ozon dəliyinin ölçüsü tədricən kiçilib. Sentyabr-oktyabr aylarında 15 milyon kvadrat kilometr (təxminən Antarktidanın sahəsi ölçüdə) ilə 20 milyon kvadrat kilometr arasında dəyişib. Ancaq noyabrın birinci yarısında ozon dəliyinin sahəsi sürətlə kiçilib ki, bu da erkən bağlanma ehtimalını göstərir.

Ayın ikinci yarısında aşağı ozon səviyyəsi müşahidə olunan kiçik bir zona hələ qalsa da, dəlik dekabrın 1-də tam bağlanıb. Bu, 2019-cu ildən bəri ən erkən və son dörd onilliyin ən erkən bağlanmalarından biri olub.

Избранный
15
teleqraf.com

1Источники