RU

“Azərbaycan Könüllülərinin fəaliyyəti beynəlxalq səviyyədə tanınmalı və təbliğ olunmalıdır” - Vüqar Əliyev

“Biz maraqlıyıq ki, Azərbaycan Könüllülərinin fəaliyyəti beynəlxalq səviyyədə də tanınsın və geniş şəkildə təbliğ olunsun. Bu baxımdan Azərbaycan Könüllülük Həftəsi xüsusi əhəmiyyət daşıyır". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2025” ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Vüqar Əliyev bildirib ki, ənənəvi olaraq Azərbaycan Könüllüləri Həftəsi hər il Prezidentin müvafiq sərəncamı ilə müəyyən edilən mövzuya həsr olunur: “2025-ci il Cənab Prezidentin sərəncamı ilə ‘Konstitusiya və Suverenlik İli’ elan edildiyinə görə builki Könüllülük Həftəsi də məhz suverenliyin Konstitusiyada təsbit olunmasına həsr edilib".

Onun sözlərinə görə, həftə çərçivəsində ilk böyük tədbir mətbuat konfransı olacaq və eyni zamanda Azərbaycan Könüllülərinin Həmrəylik Forumu da keçiriləcək: “Forumun təşkilatçılığı bu il Azərbaycana məxsusdur. Tədbirdə dövlət rəsmiləri, ictimai təşkilatların nümayəndələri və qonaqlar iştirak edəcəklər".

V. Əliyev vurğulayıb ki, bu il Könüllülük Həftəsi xüsusi məna daşıyır: “Bu il həm könüllülük fəaliyyətimizin 5 illiyi, həm də 2020-ci ildə yaradılmış Azərbaycan İnkişaf Təşkilatları İttifaqının 5 illiyi tamam olur. Hazırda bu ittifaq 32 bölgədə fəaliyyət göstərən inkişaf təşkilatlarını birləşdirir".

O qeyd edib ki, həftə ərzində “Könüllü Saatları” çərçivəsində geniş sosial aksiyalar təşkil olunacaq: “Könüllülər heyvanlara qayğı mərkəzlərində yardım göstərəcək, yaşlı insanlara ev işlərində dəstək olacaqlar, ehtiyacı olan vətəndaşlar üçün sosial aksiyalar keçiriləcək, park və bağlarda ağaclara və güllərə qulluq ediləcək. Bu təşəbbüslər həm cəmiyyətə fayda vermək, həm də könüllülük mədəniyyətini gücləndirmək məqsədi daşıyır".

Vüqar Əliyev bildirib ki, görülən işlərin əsas məqsədi ölkədə könüllülük hərəkatının davamlı inkişafını təmin etmək və Azərbaycan gənclərinin sosial fəallığını daha da artırmaqdır.

Müəllif: Günel Fərzəliyeva
Избранный
12
1
sia.az

2Источники