RU

Regionda ikili standartlar: Ermənistanda siyasi repressiya dalğası, Qərbin səssizliyi

“Əslində, Ermənistanda bugünlərdə baş verənlər artıq adi siyasi gərginlik deyil”.

Bunu hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistanda baş verənləri Bakıvaxtı.az-a şərh edərkən deyib.

Ekspertin fikrincə, seçkiyə gedən bir ölkədə hökumətin müxalifəti kütləvi həbslərlə susdurması, media üzərinə təzyiqləri artırması, hətta kilsə institutunu belə hədəfə alması göstərir ki, proses açıq şəkildə nəzarətdən çıxıb:

"Paşinyan hakimiyyəti seçkiləri qazanmaq üçün ən radikal addımlara belə getməkdən çəkinmir və bu, Ermənistandakı siyasi sistemin zəifliyini, demokratik institutların çökməsini üzə çıxarır”.

Müsahibimiz vurğulayıb ki, burada ən maraqlı və eyni zamanda narahatedici məqam Qərb institutlarının davranışıdır. İllərdir Avropa qurumlarını, beynəlxalq təşkilatları izlədiyini deyən Ə.Şahidov bildirib ki, adətən regionda hansısa məsələ baş verəndə, xüsusilə Azərbaycanda ən xırda addım atılanda dərhal sərt reaksiya verirlər:

“Azərbaycanda hansısa yerli insident olsa, iki saat keçməmiş bəyanatlar gəlir, “narahatıq”, “pisləyirik”, “monitorinq edirik” kimi klassik cümlələr gündəmə oturur. Gürcüstanda da eyni mənzərəni görürük. Tbilisi hansısa yeni qanun layihəsini gündəmə gətirəndə və ya ictimai müzakirə başlayanda Avropa qurumları onu demək olar ki, “gözümçıxdıya” salır. Məlum QHT-lərlə bağlı qanun layihəsi zamanı necə təpkilər oldu – hamımız gördük. Elə bil Gürcüstanda dünya demokratiyasının taleyi həll olunur. Hər gün bəyanatlar, çağırışlar, təhdidlər... Amma Ermənistanda real repressiya gedir – həqiqi həbslər, siyasi basqılar, jurnalistlərin saxlanılması, kilsə nümayəndələrinin təqibi – və Qərbdən heç bir səs yoxdur. Yəni, sadəcə zəif reaksiya yox, tam susqunluq var. Bu, təsadüf deyil. Burada artıq aydın görünən bir ikili standart mövcuddur".

Analitikə görə, ən anlaşılmaz və bir qədər də təəccüblü olanı odur ki, Avropa İttifaqı bu proseslərin fonunda Ermənistana yeni vəsait ayırır, siyasi dəstək mesajları verir:

"Yəni, sanki Ermənistanda demokratik geriləmə yox, əksinə, qabağa doğru addım atılır. Bu, artıq heç bir məntiqlə izah edilmir və açıq şəkildə göstərir ki, Qərb institutları region ölkələrinə dəyərlər əsasında yox, geosiyasi maraqlar əsasında yanaşır”.

Əhməd Şahidov: Qərbdən Ermənistanda baş verənlərə sadəcə zəif reaksiya yox, tam susqunluq var

Hüquq müdafiəçisi qeyd edib ki, bu gün Ermənistanda baş verənləri görməmək demokratiya adına böyük ziddiyyətdir. Dediyinə görə, əgər Avropa həqiqətən demokratik dəyərlərin tərəfdarıdırsa, o zaman eyni hallara eyni münasibət göstərməlidir:

Necə olur ki, Azərbaycan və Gürcüstan hər addımına görə hesabat verir, amma Ermənistanda açıq repressiya gedəndə hamı səssiz qalır? Bu, artıq sadəcə ikili standart deyil, siyasi favoritizm, seçmə münasibətdir. Regionda ədalətli yanaşma olmadığı müddətdə heç bir ölkədə siyasi sabitlik də olmayacaq. Qərb institutlarının bu susqunluğu Ermənistandakı prosesləri daha da həvəsləndirir, hakimiyyətə mesaj verir ki, nə qədər sərt addım atsan da, sənə toxunulmayacaq. Bu da uzunmüddətli perspektivdə Ermənistanın özünü daha böyük risklərlə üz-üzə qoyur”.

Əhməd Şahidov onu da qeyd edib ki, bölgədə real demokratik mühit yalnız obyektivlik əsasında qurula bilər. Onun sözlərinə görə, dəyərlər hər ölkəyə eyni tətbiq olunmalıdır:

“Ermənistanda baş verənləri görməməzliyə vurmaq həm regionda balansı pozur, həm də Avropa institutlarının etibarlılığına böyük zərbə vurur. Bu reallığı nə biz gizlədə bilərik, nə də onlar".

Qeyd edək ki, son aylarda Ermənistan hakimiyyəti müxalifət partiyalarının üzvlərini, müstəqil deputatları, fəalları və hətta kilsəni əhatə edən geniş bir kütləni “terror”, “çevriliş planı” və ya “konstitusiya quruluşuna qarşı cinayət” ittihamları ilə həbs edib.

Müstəqil müşahidəçilər bu işlərin demokratik müxalifəti boğmaq üçün vasitəyə çevrildiyini bildirirlər. Ölkədə siyasi repressiyalar artıq epizodik deyil, sistemli xarakter alıb. Dinc etiraz aksiyaları polis zorakılığı ilə dağıdılır, iştirakçılar inzibati və cinayət məsuliyyətinə cəlb olunur. Saxlanılmalar zamanı hüquqi prosedurların kobud şəkildə pozulduğunu göstərən çoxsaylı faktlar mövcuddur.

Beynəlxalq və yerli hesabatlara görə, Ermənistanda 2024-2025-ci illərdə media və ifadə azadlığı sahəsində ciddi pozuntular qeydə alınıb. İlin ilk yarısında mediaya və jurnalistlərə qarşı ən azı 29 məhkəmə işi açılıb. Bu, təkcə fərdi jurnalistlərin deyil, həm də müstəqil xəbər mənbələrinin və tənqidi media orqanlarının “susdurulması” anlamına gəlir. İrəvan hökumətinin təzyiq siyasəti təkcə siyasi və media mühiti ilə məhdudlaşmır, dini institutlarla münasibətlərdə də gərginlik müşahidə olunur. Xüsusilə Erməni Apostol kilsəsi ilə bağlı son dövrlərdə yaranan qarşıdurmalar diqqət çəkir. Tarixən xristian kimliyi ilə tanınan Ermənistanda dini qurumların siyasətdə rolu həmişə əhəmiyyətli olub. Lakin hazırda hökumət ilə Erməni Apostol Kilsəsi (EAK) arasındakı qarşıdurma təkcə ictimai qütbləşmə deyil, həm də avtoritar transformasiyanın göstəricisinə çevrilib. Bir çox yüksək rütbəli ruhani rəhbəri “çevriliş”, “terror planlama”, “konstitusiyaya zidd fəaliyyət” ittihamları ilə həbs edilib. Saxlanmalardan sonra kilsə və insan haqları müdafiəçiləri həbslərin hüquqazidd üsullarla aparıldığını, vəkillərə çıxış imkanı verilmədiyini, ailələrin məlumatlandırılmadığını, sübutların zəif və ziddiyyətli olduğunu bildiriblər. Bu isə dini azadlıqların pozulması, kilsə-dövlət münasibətlərinin siyasi alətə çevrilməsi və ictimai müxalifətin dini platforma üzərindən sıxışdırılması kimi ciddi problemləri gündəmə gətirir.

Maraqlısı odur ki, bu qədər genişmiqyaslı təzyiq və avtoritarlaşma qarşısında beynəlxalq ictimaiyyət susqun qalır. Bu susqunluq həm Ermənistandakı demokratik zəifliyi dərinləşdirir, həm də başqa ölkələr üçün “etirazsız avtoritarlaşma” nümunəsi yaradır. Demokratik dəyərləri prioritet elan edən qurumların Ermənistandakı siyasi həbslərə və media azadlığının pozulmasına qarşı susqunluğu açıq ikili standart təsiri bağışlayır. Avropa strukturları mövcud pozuntulara ya ümumiyyətlə reaksiya vermir, ya da yalnız formal bəyanatlarla kifayətlənir. Kilsə ilə bağlı vəziyyət də beynəlxalq gündəmdə lazımi əks-səda doğurmur. Əgər oxşar proseslər başqa ölkələrdə baş versəydi, reaksiyanın daha sərt olacağı şübhəsiz idi.

Aydın Baxış

Избранный
10
1
bakivaxti.az

2Источники