Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenlərinin laureatı, görkəmli bəstəkar Tofiq Bakıxanovun 95 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil olunub.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə akademik Rafael Hüseynov, Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti, musiqişünas Günay Məmmədova çıxış edərək bəstəkarın milli musiqi irsimizdəki yerindən söz açıblar.
Ağaverdi Paşayevin rəhbərliyi, eləcə də İlahə Hüseynova və Elman Əliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və solistlər - Səbinə Əlizadə, Gülnaz İsmayılova, Talıb İsgəndərli, Şahnaz Əliyeva, Fikrət Məmmədov, Cavid Hüseynli, Ruzə İbişova, Almaz Orucova, Nuriyyə Hüseynova, Fəxri Kazım-Nicat, Leyla Dadaşova və Gülüstan Əliyevanın iştirakı ilə dinləyicilərə olduqca zəngin proqram təqdim olunub.
Konsert Tofiq Bakıxanovun “Naxçıvan” simfoniettasının III hissəsi olan “Cəngi” ilə açılıb. Ardınca “Gözəlliklər nəğməkarı, “Arpaçay”, “Səbr eylə”, “Nurlu Naxçıvan”, “Yadıma düşdü”, “Min bir kəlam kimi” əsərlər səsləndirilib.
Konsert Tofiq Bakıxanovun zəngin yaradıcılığının müxtəlif çalarlarını dinləyicilərə nümayiş etdirilib. Bəstəkarın 95 illik yubileyinə həsr edilmiş bu konsert proqramı onun irsinə dərin ehtiramın ifadəsi olaraq böyük coşqu ilə yekunlaşıb.