RU

“Azərbaycan Könüllülük Həftəsi 2025”in başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “ASAN xidmət”-in tərəfdaşlığı ilə “Azərbaycan Könüllülük Həftəsi 2025”ə start verilib. 4-18 dekabr tarixlərini əhatə edəcək sayca 7-ci “Azərbaycan Könüllülük Həftəsi” “Konstitusiya və Suverenlik İli”nə həsr edilib.

Dekabrın 4-də Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülük Həftəsi 2025”in başlanması ilə əlaqədar olaraq mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya Texnologiyaları və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı ölkəmizdə könüllülüyün gənclər arasında həyat tərzinə çevrildiyini və “Könüllülük Həftəsi”nin könüllülərin fəaliyyətinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Daha sonra çıxış edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev bildirib ki, “Könüllülük Həftəsi” ölkədə könüllülük hərəkatının daha da genişlənməsi, gənclərin ictimai proseslərdə fəal iştirakının təşviq edilməsi və dövlət qurumları ilə ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin, həftənin 5 Dekabr – Beynəlxalq Könüllülər Günü ərəfəsində keçirilməsi bu günün ölkəmizdə daha geniş şəkildə qeyd edilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Qeyd olunub ki, həftə çərçivəsində ölkənin bir çox şəhər və rayonlarında 20 mindən çox Azərbaycan Könüllüsü üçün müxtəlif sosial layihələr, maarifləndirici tədbirlər və kütləvi könüllülük fəaliyyətləri həyata keçiriləcək. Daha sonra Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ülviyyə Axundova, “ASAN Xidmət”in nümayəndəsi Böyükxanım Babayeva “Könüllülük Həftəsi” çərçivəsində keçiriləcək layihələrdə tərəfdaş qurumların dəstəyi barədə media nümayəndələrinə məlumat veriblər.

“Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində baş tutacaq layihələr “Zəfər: 5 il”, “Konstitusiya-30 il”, “Milli birlik”, “AKTİ-5 il”, “Könüldən könüllü” və “Suveren Azərbaycan” mövzularına həsr olunacaq. Şanlı Zəfərimizin 5-ci ildönümünün qeyd olunduğu bu dövrdə keçirilən layihələr ölkəmizin dövlətçilik ənənələrinə sədaqətin, milli həmrəyliyin və vətənpərvərlik ruhunun daha geniş təbliğini məqsəd qoyur. Həftə ərzində təşkil olunacaq bütün tədbirlər könüllü gənclərin ictimai proseslərdə iştirakını artırmaqla yanaşı, onların dövlətçilik, suverenlik və milli dəyərlərə bağlılığının möhkəmləndirilməsinə xidmət edəcək.

Qeyd edək ki, 2018-ci ildən etibarən hər il 5 dekabr – Beynəlxalq Könüllülər Günü ərəfəsində keçirilən və artıq ənənəvi xarakter alan “Azərbaycan Könüllülük Həftəsi” Azərbaycan Respublikasının Gənclər Fondu və tərəfdaş qurumların birgə dəstəyi ilə həyata keçirilir. Bu çərçivədə təşkil olunan tədbirlər könüllülərə təkcə şəxsi inkişaf imkanları qazandırmır, eyni zamanda onların cəmiyyətdə müsbət dəyişikliklərin aparıcı qüvvəsi kimi mövqeyini daha da gücləndirir.

“Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində baş tutacaq bütün fəaliyyətlərlə bağlı Azərbaycan Könüllü Təşkilatları İttifaqının sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.

Избранный
17
5
interpress.az

6Источники