RU

Taliyət Əliyev: “Hər bir şəxs dövlətin, dövlətçiliyin yanında olmalıdır”

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Bir aydan çoxdur Ramiz Mehdiyevin barəsində həbs qəti-imkan tədbiri seçilib, yəni ev dustaqlığı qəti-imkan tədbiri seçilib. Amma çox maraqlı məsələ ondan ibarətdir ki, hamıya məlum olduğu bir dönəmdə hələ ki, ölkənin rəsmi qurumları tərəfindən heç bir açıqlama verilməyib, yəni istər rəsmi dövlət qəzetlərində, istərsə də hüquq-mühafizə orqanları tərəfindən barəsində həbs qəti-imkan tədbiri seçilməsi barədə rəsmi bir açıqlama yoxdur”.

Bu sözləri Hurriyyet.az-a ölkədə mövcud ictimai-siyasi durumu dəyərləndirən ADP sədrinin müavini, hüquqşünas Taliyət Əliyev deyib.

“Bu da özü-özlüyündə cəmiyyətdə çox ciddi suallar yaradır. Yəni əgər doğrudan da ölkədə hakimiyyət çevrilişinə belə bir cəhd olubsa və dövlətə xəyanət maddəsi varsa, bununla bağlı rəsmi qurumlar Azərbaycan ictimaiyyətini məlumatlandırmalıdır. Bu, bilirisiniz ki, qəbul olunmuş bir haldır. Təəssüflər olsun ki, biz hələ bu halı müşahidə etmirik. Bu məsələ ilə bağlı bilirsiniz ki, Xalq Cəbhəsinin sədri Əli Kərimli, onun müşaviri həbs olunub və bundan sonra, bu həbs tendensiyasının davam edəcəyi ilə bağlı da hökumətə yaxın media qurumları tərəfindən informasiyalar verilir. Amma rəsmi qurumlar tərəfindən, yəni media orqanları tərəfindən belə bir açıqlama hələ ki, yoxdur”,-deyə siyasətçi əlavə edib.

T.Əliyevin sözlərinə görə, əgər doğrudan ortada belə bir ciddi fakt varsa, bu, Azərbaycan dövlətçiliyi üçün təhlükənin mövcud olmasından xəbər verir: “Bununla bağlı informasiyanın olmaması isə ictimaiyyətdə narahatçılıqlar yaradır. Ona görə də hesab edirəm ki, indiki situasiyada cəmiyyətdə yaranmış bu çoxsaylı suallarla bağlı rəsmi dövlət orqanları bir açıqlama verməlidir ki, doğrudan da belə bir hal olub, yoxsa olmayıb. Dövlət çevrilişinə cəhd, yəni hakimiyyətin zorakı yolla dəyişdirilməsi bir və ya beş şəxsin işi ola bilməz. Yəni kollektiv, mütəşəkkil bir dəstənin fəaliyyətindən söhbət gedə bilər. İndi burada Ramiz Mehdiyevin guya, Rusiyaya məktubu olub, belə bir məktub var. Amma məktubun da həqiqət olub-olmaması ilə bağlı şübhələr var. 30 illik bir tariximizi götürüb nəzər salsaq və yaxud digər dövlətlərin təcrübəsində dövlət çevrilişlərinə cəhd tendensiyalarını təhlil etsək, görürük ki, zorakı yolla dövlətin strukturlarında dəyişiklik aparmaq, yəni dövlət çevrilişinə cəhd etmək və yaxud da belə bir hadisədə iştirak etmək daxili qüvvələrin yox, həm də xarici qüvvələrin təsirləri, yaxud iştirakı ilə olur. Azərbaycanda belə bir dövlət çevrilişinə cəhdin arxasında həmişə Rusiya faktorunun olduğunu görmüşük və indiki mərhələdə də Rusiyanın adı hallanır”. 

“Faktiki olaraq hamı bilirdi ki, Ramiz Mehdiyev Rusiyanın adamıdır. Mən deyərdim ki, Rusiyanın birinci şəxsi idi. O, həmişə Rusiyanın yürütdüyü siyasəti Azərbaycanda kopiyalamaq siyasəti yürüdüb. Mən xatırlayıram hələ 2000-2010-cu illər arasında Azərbaycanda bir “Mediaforum” informasiya vasitəsi vardı, indi deyəsən, fəaliyyət göstərmir. Orada vaxtaşırı Ramiz Mehdiyevin məqalələri gedirdi. O vaxt o məqalələri oxuyanda gördüm ki, bu adam Rusiyanın siyasətini kopiya edir və bunu da gizlətmirdi, açıq tekstlə deyirdi ki, Rusiyanın apardığı siyasət Azərbaycanda da birbaşa kopiyalanmalıdır”,-deyə siyasətçi nəzərə çatdırıb.

T.Əliyev bildirib ki, Ramiz Mehdiyev faktiki olaraq, Rusiya siyasətinin Azərbaycanda ideoloji bir lideri sayılırdı: “Amma söhbət ondan gedir ki, bu dönəm ərzində bunu yəqin ki, hakimiyyət orqanları bilməmiş deyildi. Mehdiyevin hakimiyyətdə saxlanılıması və bunu da bilə-bilə ki Rusiyanın burada siyasətini kopiya edir, bəs onunla bağlı niyə ölçü götürülmürdü? Bu da suallar doğurur. Əgər indi doğrudan Ramiz Mehdiyevə qarşı bu cür ağır ittihamlar irəli sürülürsə, onun barəsindəki ev dustaqlığı məsələsi niyə seçilib, ona niyə həbs qəti-imkan tədbiri seçilmir? Burada çox ağır maddələrdən söhbət gedir. Məsələn, həbs qəti-imkan tədbiri hansı halda daha çox tətbiq olunur? O şəxsin ki onun istintaqa təsir etmək imkanı ola bilər. O şəxsin ki şahidlərlə, cinayətdə iştirak edən digər şəxslərlə birbaşa təması ola bilər. Faktiki biz görürük ki, Ramiz Mehdiyevin də belə bir imkanları var. Yəni istintaqa təsir etmək imkanları ola bilər və belə halda, onun barəsində ev dustaqlığı qəti-imkan tədbiri seçilib. Bax, bu da cox ciddi suallar yaradır. Orada deyirlər ki, “Dövlət Şurası” deyilən bir şura nəzərdə tutulub. Əgər onların dediyi kimidirsə, bu 50 nəfərdən 2 nəfəri məlumdur, 48 nəfər kimdir? Ölkə ictimaiyyətinə məlumatlar verilməlidir, bu şəxslərin adları müəyyən olunmalıdır. Bu, hakimiyyətdədir, yoxsa müxalifətdədir? Bu açıq suallar cəmiyyəti narahat edir”. 

T.Əliyev hesab edir ki, Azərbaycan dövlətinin taleyindən, dövlətçilikdən söhbət gedirsə, burada iqtidarından, müxalifətindən asılı olmayaraq, hər bir şəxs dövlətin, dövlətçiliyin yanında olmalıdır: “Bu, birmənalıdır. Əgər doğrudan da kimsə Azərbaycanın dövlətçiliyinə qarşı hər hansı bir cinayətdə iştirak edibsə və yaxud belə bir iştiraka cəhddə bulunubsa, sözsüz ki, o, qanun qarşısında cavab verməlidir. Bu, birmənalıdır”.

CAVİD

Share

Tweet

Email

Share

Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
hurriyyet.az

2Источники