Futbol üzrə Serbiya milli komandasının və İtaliyanın “Yuventus” klubunun hücumçusu Duşan Vlahoviç əməliyyat olunub.
Arena.az bu barədə Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, serbiyalı hücumçu sol dizindən cərrahi müdaxiləyə ehtiyac duyub. Onun təxminən 14 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Yeri gəlmişkən, “Yuventus”un baş direkdoru Damyen Komolli serb mərkəz hücumçusunun Turin klubundakı gələcəyi ilə bağlı açıqlama verib. Fransız mütəxəssisin 25 yaşlı futbolçu ilə bağlı müvafiq açıqlamasını təqdim edirik:
“Vlahoviçlə razılaşmışıq ki, bu mövsümü başa vuracağıq, yeni müqavilə haqda danışıqlarımızı isə cari mövsümün sonunda davam etdirəcəyik. Ötən yaydan bəri aramızda dəqiq razılıq var”, deyə Komolli vurğulayıb.
Xatırladaq ki, Duşan Vlahoviç Serbiyanın “Partizan” klubunun yetirməsidir. “Fiorentina”dakı çıxışı ilə tərəqqi etmiş serb hücumçu 2022-ci ilin yanvarında 83,5 milyon avro məbləğ müqabilində Florensiya klubundan “Yuventus”un düşərgəsinə keçib. Vlahoviçin “qoca sinyora” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Gələn yayda onun komandanı tərk edəcəyinə dair iddialar var.
Cari mövsümdə Vlahoviç “Yuventus”un heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə verib. Serb hücumçunun “Yuventus”dakı ümumi çıxışı 162 oyun, 64 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
Vlahoviç 2023/2024-cü illər mövsümündə “Yuventus”la İtaliya Kubokunun qalibi olub.
Duşan Vlahoviç 2020-ci ilin oktyabr ayında debüt etdiyi Serbiya yığma komandasının heyətində 41 oyuna çıxıb. O, bu oyunlarda 16 qola imza atıb və 8 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 25 yaşlı serb mərkəz hücumçusu Duşan Vlahoviçin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.
