RU

Evdən iş mübahisə yaratdı: İşçi necə qorunacaq?

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Məsafədən (distant) iş rəsmiləşir və bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb. 

İşçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə “Məsafədən (distant) iş” anlayışı gətirilib. 

Qeyd edək ki, son günlər aktual olan mövzulardan biri məhz məsafədən işlə bağlıdır ki, burada vətəndaşları düşündürən bir sıra məsələlər var.Məsələ ilə bağlı “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov qeyd edib ki, bu gün Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də məsafədən işdir:

O, məsafədən işləyənlərin əməyinin mühafizəsi ilə bağlı boşluqlar olduğunu bildirib:

“İşəgötürən işçinin sağlamlığına dəyən zərərə görə, o cümlədən maddi məsuliyyət daşıyır. Məsafədən işləyən işçini işəgötürən istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri halıdan icbari sığorta etməlidir. 

Etməsə, böyük cərimə ödəməlidir (hüquqi şəsxlər 5000 manat). Şəxs məsafədən əmək funksiyasını yerinə yetirərkən xəsarət alıb sağlamlığını itirsə və ya bu səbəbdən həlak olasa, bu, sığorta hadisəsi sayılacaqmı? Sığorta şirkəti bunu heç bir halda qəbul etməyəcək”.

S.Məmmədov tələbələrlə müddətli müqavilə bağlanması barəsində dəyişikliklərlə bağlı da suallar ortaya çıxdığını bildirib:

“Əmək Məcəlləsinin 47-ci maddəsinə belə bir bənd əlavə olunur: 

"təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda" onlarla müddətli əmək müqaviləsi bağlanır. Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə" Qaydasında da göstərilir ki, "Təcrübə müddətində işəgötürənlə tələbə arasında müddətli əmək müqaviləsi bağlanıla bilər. Bu halda işəgötürən tərəfindən qanunvericiliyə uyğun olaraq, təcrübə keçən tələbəyə əməkhaqqı ödənilir və icbari ödənişlər edilir".

Praktikada isə bu mümkün olmur. Əmək Müqavilələri Alt Sistemində hər bir müəssənin ştat cədvəli yerləşdirilir. Ondan kənara çıxıb yeni müqavilələri necə bağlayacaqlar? 

Tutaq ki, özəl sektor bunu edə bildi (Ştat cədvəlini müvəqqəti dəyişdi və s.), bəs dövlət sektoru? Tələbələri təcrübəyə qəbul edən əsas dövlət sektorudur. Büdcədən maliyyələşən təşkilatlar bunu edə bilməyəcək, hətta onlara təhsil müəssəsi vəsait ödəsə belə.

Hər iki məsələni tənzimləmək üçün əlavə qanunvericilik aktları qəbul olunmalı, yaxud mövcud qanunvericiliyə dəyişiklik və əlavələr edilməlidir. Amma bunun da problemi əsaslı həll edəcəyinə ümid azdır”.

Məsafədən iş zamanı şəxs əmək funksiyasını yerinə yetirərkən xəsarət alıb sağlamlığını itirirsə, bu sığorta hadisəsi sayılacaqmı və beynəlxalq təcrübədə bu necə tənzimlənir?

Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, dünya qanunvericiliyində məsafədən iş məsələsi çoxdandır ki, öz təsdiqini tapıb:

“Həmin iş rejiminə uyğun olaraq, məsafədən iş zamanı baş verə biləcək müəyyən hadisələr məhz sığorta hadisəsi hesab olunacaq, bu barədə qaydalar da müəyyən olunmuşdu.

Ancaq Azərbaycan qanunvericiliyində məsafədən iş məsələsi yox idi. Əgər bu gün həmin məsələ müzakirə olunursa, sığorta hadisəsi, əməyinin mühafizəsi, əməyin ödənilməsi, iş saatının hesablanması kimi məsələlər də həmin qanunvericilikdə edilən dəyişikliklərdə öz əksini tapmalıdır. Əks təqdirdə həmin məsələlər nəzərə alınmasa, qanunvericilikdə ciddi boşluq yaranacaq. Bu gələcəkdə əmək mübahisələri ilə bağlı problem yarada bilər.

Beynəlxalq qanunvericilikdə belə bir qayda var ki, işçi məsafədən işləyirsə, işin yekununda rəhbərliyə hesabat təqdim edir. Həmin hesabatda hansı işi gördüyünü və bunun üçün nə qədər vaxt itirdiyini hesablayır və xərclərini də nəzərə alaraq işəgötürənə təqdim edir. 

İşəgötürən də o müqaviləni təsdiq edirsə, işçiyə ödənişləri təqdim edir. Bizdə bunun hansı formada olacağı ilə bağlı məlumatsızam. Əslində qanunvericilikdə bu hallar nəzərə alınmalıdır. Fikrimcə, burada sığorta məsələsi 2-3-cü dərəcəli məsələdir. Burada ən vacib məsələlərdən biri iş saatının hesablanma qaydasıdır. O hansı qaydada hesablanacaq?

Çünki bu məsələ gələcəkdə mübahisələrin çoxalmasına gətirib çıxara bilər. Daha ətraflı məlumat qanunvericilik müzakirəyə çıxarıldıqdan sonra daha ətraflı fikir bildirmək olar”.

Hüquqşünas deyir ki, məsafədən iş zamanı  işçinin xəsarət alması ilə bağlı hallar işçi ilə bağlı bağlanan əmək müqaviləsində öz əksini tapmalıdır:

“Vətəndaş da qarşılacağı pozuntularla bağlı əvvəlcədən məlumatı olmalıdır. Yəni vətəndaş qabaqcadan həmin halları qiymətləndirib. Sonra müqavilə bağlamaq imkanı olmalıdır.

Xaricdə beynəlxalq qaydalara uyğun olaraq  bu halların əksəriyyəti müqavilədə öz əksini tapır. İşçi də əmək müqaviləsini bağlayan zaman onun iş saatının hansı qaydada hesablanacağı ilə bağlı və yaxud işlədiyi zaman xəsarət alması imkanları olduğu təqdirdə işə götürənin ona əməkhaqqını ödəyib-ödəməyəcəyi barədə ətraflı məlumatlar öz əksini tapır.

Vətəndaş da ona uyğun davranır. Bizdə də qanunvericilik hər şeyi tənzimləmək imkanında deyil. Bizdə problem ondan ibarətdir ki, əmək müqavilələri adətən standart olaraq bağlanır. Orada sadəcə xırda detallada dəyişikliklər aparılırdı.

Ancaq qanunvericilik təsdiq olunduğu təqdirdə əmək müqaviləsi standartlardan kənara çıxacaq. İşçinin də tələb etmək hüququ var ki, müəyyən hallar müqavilədə nəzərə alınmalıdır. 

İşəgötünən özünün də marağında olmalıdır ki, müqaviləni genişləndirsin. Bu, həm gələcəkdə işəgötürənin hüquqlarının pozulmaması ilə nəticələ bilər, həm də işçinin hüquqlarının müdafiəsi ilə bağlı olacaq. 

İşçi artıq biləcək ki, hansı hallarda onun hüquqları təmin olunmalıdır. Bütün bunların hamısı əmək müqaviləsində öz əksini tapmalıdır”.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Açar sözlər:

Evdən iş Ruslan Mustafayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
1
cebheinfo.az

2Источники