Beyləqan Rayon İcra Hakimiyyəti Beyləqan rayonunun küçələrində yolların əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub.
Tribuna Qaynarinfo-a istinadən xəbər verir ki, tenderin qalibi “Proress İnşaat EN” MMC seçilib. Bununla da şirkət cari ildə 6-cı tenderini qazanıb.
Təmir işlərinə görə İcra Hakimiyyəti “Proress İnşaat EN” MMC-yə 333 308,65 manat ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyesyr məlumatlarında göstərilir ki, “Proqress İnşaat EN” MMC 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 14-də yerləşən şirkətin qanuni təmsilçisi Abuzərov Kamran Zülfəli oğludur.
Açıq mənbələrdə Kamran Abuzərov haqqında heç bir məlumata rast gəlinmir. Ondan əvvəl şirkətə İslamov Nazim Əli oğlu rəhbərlik edib. Ümumiyyətlə, şirkət yarandığı 4 il ərzində rəhbərlikdə 3 dəfə dəyişiklik edib.
“Proress İnşaat EN” MMC oktyabr, sentyabr, avqust və dekabr aylarında 1, noyabrda isə 2 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri ümumilikdə 5 495 159,25 manat təşkil edir.
Bütün tenderlər abadlıq və təmir işlərinin satın alınması üçün keçirilib.