Koreya Respublikasının Azərbaycandakı səfiri Kimqu Kanq dekabrın 5-də Şəki şəhərinə səfər edib. Səfər çərçivəsində səfir şəhər rəhbərliyi ilə görüşüb, bu qədim diyarın tarixi məkanları ilə tanış olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elxan Usubov səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Şəki rayonunda sosial-iqtisadi inkişaf kənd təsərrüfatı və turizm olmaqla, iki prioritet istiqamətdə aparılır. Şəkidə qədim dövrlərdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib.
Qeyd olunub ki, Şəki Azərbaycanda “Festivallar şəhəri” kimi tanınır. Hər il bu şəhərdə bir neçə beynəlxalq festival keçirilir. Şəki “İpək Yolu“ Beynəlxalq Musiqi Festivalında müxtəlif illərdə Koreya Respublikasından gəlmiş musiqi kollektivləri də iştirak ediblər.
Səfir Kimqu Kanq Şəkiyə ilk dəfədir səfər etdiyini və səfərinin bu qədim diyarla daha yaxından tanış olmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
Görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.
Sonra qonaq şəhər icra hakimiyyətinin inzibati binası ilə tanış olub.