RU

Braziliya səfiri: Ölkəmiz haqlı olaraq qəhvə mədəniyyəti və istehsalında dünya lideri sayılır

Bakı, 6 dekabr, Günel Alıyeva, AZƏRTAC

Braziliya haqlı olaraq həm qəhvə istehlakı mədəniyyətinə, həm də istehsalına görə dünya liderlərindən hesab olunur. Ölkə sakinləri üçün qəhvə sadəcə içki deyil, səhərdən gecə saatlarınadək onları müşayiət edən və milli kimliyin vacib hissəsinə çevrilmiş gündəlik həyatın ayrılmaz bir parçasıdır. Bu qiymətli məhsul Braziliyanın tarixinə Şərqdən - Türkiyə və Efiopiyadan daxil olub.

Bunu AZƏRTAC-a müsahibəsində Braziliyanın Azərbaycan Respublikasındakı səfiri Manuel Monteneqro bildirib.

Diplomatın sözlərinə görə, Braziliyada qəhvə yetişdirilməsi XVIII əsrdə Amazon bölgəsində başlayıb. Zamanla plantasiyalar cənuba doğru genişlənərək dünyanın ən böyük qəhvə istehsalı zonalarından birinə çevrilib. Braziliya qəhvəsinin bütün növləri yüksək keyfiyyəti ilə seçilir: “Son 20–30 ildə müxtəlif yüksəkliklərdə yetişdirilən xüsusi qəhvə növləri formalaşıb. Ölkəmizdə təxminən 800 metrdən 2000 metrədək yüksəkliklərdə dünyanın əsas qəhvə növləri olan robusta, arabika və yaşıl qəhvə istehsal olunur və dünya bazarına ixrac edilir”.

Diplomat məmnunluqla bildirib ki, Bakıda Braziliya qəhvəsi həm birbaşa idxal olunur, həm də xüsusi qarışıqlar kimi satışa çıxarılır ki, bu da paytaxt sakinlərinə Braziliya qəhvəsinin orijinal dadını hiss etməyə imkan yaradır.

Onun sözlərinə görə, Braziliya qəhvəsinin dad və ətir baxımından özünəməxsusluğu məhz onun unikal xüsusiyyətlərindən irəli gəlir və şəxsən səfir üçün bu dad uşaqlıq xatirələri ilə bağlı olduğuna görə əvəzolunmaz dəyər daşıyır.

“Azərbaycanın güclü çay mədəniyyətinə böyük hörmətlə yanaşıram. Mən çayı sevirəm, amma çay və qəhvə bir-birini əvəz etmir. Son illər Bakıda kafe sayının artması və xüsusilə gənclərin qəhvəyə olan marağının yüksəlməsi də bunu açıq şəkildə göstərir”, - deyə diplomat vurğulayıb.

Mədəni əməkdaşlıqdan danışan səfir bildirib ki, gələn həftə Braziliya ədəbiyyatının ən güclü və dərin romanlarından birinin Azərbaycan dilinə tərcüməsi təqdim olunacaq. O, vurğulayıb ki, kitab Azərbaycan oxucusunun ədəbi həyatına yeni bir nəfəs gətirəcək.

Избранный
55
azertag.az

1Источники