RU

Deputat: Avropa Ermənistana 15 milyon avro səpdi

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paşinyanın diktaturasını görməzliyə vurur

“Paşinyan müxalifəti və Kilsəni məhv edir, Avropa isə alqışlayır”

 

 Ermənistan hakimiyyəti müxalifət partiyalarının üzvlərini, deputatları, fəalları və hətta Kilsənin yüksək dini rütbəli şəxslərini "terror", "çevriliş planı" kimi ittihamlarla həbsə atıb. Ölkədə siyasi repressiyalar artıq epizodik deyil, sistemli xarakter alıb. Dinc etiraz aksiyaları polis zorakılığı ilə dağıdılır, iştirakçılar inzibati və cinayət məsuliyyətinə cəlb olunur. Saxlanılmalar zamanı hüquqi prosedurların kobud şəkildə pozulduğunu göstərən çoxsaylı faktlar mövcuddur. Beynəlxalq və yerli hesabatlara görə, Ermənistanda 2024-2025-ci illərdə media və ifadə azadlığı sahəsində ciddi pozuntular qeydə alınıb. İlin ilk yarısında mediaya və jurnalistlərə qarşı ən azı 29 məhkəmə işi açılıb. Bu, təkcə fərdi jurnalistlərin deyil, həm də müstəqil xəbər mənbələrinin və tənqidi media orqanlarının "susdurulması" anlamına gəlir. Qeyd etdiyimiz kimi İrəvan hökumətinin təzyiq siyasəti təkcə siyasi və media mühiti ilə məhdudlaşmır, dini institutlarla münasibətlərdə də gərginlik müşahidə olunur. Xüsusilə Erməni Apostol Kilsəsi ilə bağlı son dövrlərdə yaranan qarşıdurmalar diqqət çəkir. Kilsə və insan haqları müdafiəçiləri həbslərin hüquqazidd üsullarla aparıldığını, vəkillərə çıxış imkanı verilmədiyini, ailələrin məlumatlandırılmadığını, sübutların zəif və ziddiyyətli olduğunu bildiriblər. Maraqlı məqam odur ki, bu qədər genişmiqyaslı təzyiqlərə, həbslərə beynəlxalq təşkilatlar hələ də susqunluq nümayiş etdirirlər. Avropa strukturları mövcud pozuntulara ya ümumiyyətlə reaksiya vermir, ya da yalnız formal bəyanatlarla kifayətlənir. Demokratik dəyərləri prioritet elan edən qurumların Ermənistandakı siyasi həbslərə və media azadlığının pozulmasına qarşı "korluğu" açıq şəkildə ikili standart təsiri bağışlayır.

Millət vəkili Azər Badamov Sherg.az-a açıqlamasında deyib ki, Qərb təsisatları və Avropa institutlarının ölkələrə qarşı selektiv münasibət göstərməsi ikiüzlülük və ikili standartların təzahürüdür. Deputatın sözlərinə görə, Avropa institutları ölkələrə "svoy-çujoy" baxışları ilə yanaşır:

"Məsələn, Ermənistanı "svoy" hesab etdiyindən onlar üçün hər şeyə göz yumulur. Azərbaycanı isə "çujoy" gördüyündən xırda bir məsələ ilə bağlı ittiham edirlər, hətta AŞPA-da ölkəmizə qarşı qətnamələr qəbul etdirirlər. İnsanların hüquq və azadlıqlarından danışılanda bu məsələnin Avropanın gözündə nə qədər fərqli göründüyünü sezməmək mümkün deyil. Etiraf etməliyik ki, insan hüquq və azadlıqları ölkələrə təzyiq göstərilməsi üçün Qərbin əlində bir alət kimi istifadə olunur. 2019-cu ildə Qərb Ermənistanda çevriliş etməyə müvəffəq olandan sonra Nikol Paşinyan və onun komandasını dəcəl uşaqlar kimi qəbul edir və onlara davamlı dəstək verilməsini özlərinə borc bilirlər. 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri ərəfəsində Avropa İttifaqı Ermənistana mənəvi-maddi dəstəyini artırır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsselə səfəri çərçivəsində Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişləndirmə üzrə komissarı Marta Kos ilə görüşləri keçirilir. Avropanın hər iki yüksək səviyyəli rəsmisi qarşıdan gələn parlament seçkilərində Paşinyanı açıq dəstəkləyəcəyini deyir və seçki kampaniyası üçün 15 milyon avro maddi dəstək göstərəcəklərini söyləyirlər. Amma Ermənistanda seçkiqabağı müxalifət düşərgəsini məhv etməyə çalışan Paşinyan hakimiyyətinə heç bir irad bildirilmir".

Parlamentari diqqət çəkib ki, bu gün Paşinyana qarşı potensial rəqib kimi görünən Samvel Karapetyan həbsdədir:

"O cümlədən, Paşinyan Apostol Kilsəsinə qarşı müharibə elan edib və ona qarşı olan keşişləri bir-bir həbs etdirir. II Qaregeni özünün adamı ilə əvəzləməyə çalışır. Mediaya "savaş" açan Paşinyan ona qarşı təbliğat aparanları susdurmağa çalışır. Seçkiyə qədər siyasi meydanda rəqibin qalmaması üçün bütün vasitələri işə salır. Ermənistanda insan hüquq və azadlıqları məsələsi Qərbin demək olar ki, yadından çıxıb. Avropa İttifaqının yüksək rəsmiləri Ermənistandakı bu vəziyyəti görmürmi? Təbii ki, görürlər. Amma özlərini görməzliyə vururlar. Çünki Avropanın məqsədi Ermənistanı Rusiyanın təsiri altından çıxartmaq və özlərinin himayəsi altına almaqdır".

Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycana münasibət isə dəyişmir, nə etsək də, nöqsan tapmağa çalışmaqda davam edirlər:

"Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində həlledici rol oynayır. Amma onları iqtisadi maraqlar yox, Azərbaycanın apardığı müstəqil beynəlxalq siyasət narahat edir. Ona görə də insan hüquq və azadlıqları "silahını" Azərbaycana qarşı istiqamətləndirirlər. Təbii ki, onların nə düşündükləri Azərbaycanın mövqeyini heç vaxt dəyişməyəcək. Çünki Azərbaycan ölkədə demokratiyanı, insan hüquq və azadlıqlarının təmin edilməsini Qərbin xoşuna gəlmək üçün etmir. Ölkəmizdə bütün bu hüquqlar insanların təhlükəsiz, sabit və inkişaf edən cəmiyyətdə firəvan yaşaması üçündür. Bizim üçün əhəmiyyət daşıyan məsələ xalqın hakimiyyətə verdiyi qiymət və dəstəkdir. Xalq və dövlət olaraq heç bir təzyiqlərə baxmadan, torpaqlarımızı işğaldan azad edərək suverenliyimizi təmin etdik. İndi keçmiş məcburi köçkünləri öz yurdlarına qaytarırıq və insanların rifah içində yaşaması üçün hər şey edirik".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
sherg.az

1Источники