RU

Mədəniyyətə və irsə hörmət onu düzgün təmsil etməklə başlayır - RƏY

Azərbaycanın mədəni irsi təkcə maddi deyil, eyni zamanda mənəvi dəyərlərlə zəngindir. Bu irs əsrlər boyu formalaşmış və xalqın kimliyini, dünyagörüşünü, mənəviyyatını əks etdirən incəlikləri özündə cəmləyir. Lakin bəzən bu dəyərlər cəmiyyətə təqdim olunarkən yanlış yanaşmalar ciddi narahatlıq doğurur. Bu baxımdan, son günlər müzakirə obyektinə çevrilən rejissor və ssenarist Suad Qaranın müəllifi olduğu “Məhsəti” filmi Məhsəti Gəncəvi kimi nüfuzlu tarixi şəxsiyyəti əxlaqsız qadın obrazında təqdim etməsi cəmiyyətdə haqlı etirazlarla qarşılandı. Bu kimi hallarda təkcə bir şəxsiyyətin deyil, bütöv bir xalqın mədəni irsinin təhrif olunması təhlükəsi yaranır. Mədəniyyətə və irsə hörmət onu düzgün təmsil etməklə başlayır. Tarixi şəxsiyyətlərə yanaşma isə yalnız sənət azadlığı deyil, həm də ictimai məsuliyyət tələb edir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Tənzilə Rüstəmxanlı deyib ki, hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir.

 

 

Deputat bildirib ki, əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin, xüsusilə, yaradıcı insanların doğma xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir:

 

“Azərbaycan mədəniyyətinin zəngin ədəbi-bədii nümunələri, bəşəri dəyərlər daşıyan əsərləri sənət xəzinəmizə töhfə verməklə tarixdə özünəməxsus iz buraxıb. Milli musiqimiz, rəssamlıq, teatr və kinematoqrafiya illər boyu bəşəri ideyaları tərənnüm edib.  Müasir, "sərhədsiz" dünyada müxtəlif "ideyalar" bir-birini tez-tez əvəz edir, çeşidli resurslar vasitəsilə müstəqilliyinin bəhrəsini dadmağa imkan tapmamış ölkələrə asanlıqla daxil olur. Məsələn, natamamlıq psixologiyası, öz xalqının əxlaqi keyfiyyətlərinə, tarixinə, ictimai şüurunun sınaqdan çıxmış formalarına yuxarıdan aşağı baxmaq kimi tendensiyalara köklənmiş mesajlar maraqlı güclər tərəfindən dəstəklənməkdədir. İdeoloji-mənəvi-əxlaqi sferada boşluq yaranan kimi onun yerini mürtəce, separatçı, aqressiv, humanizmdən uzaq müxtəlif növ meyillər, hətta dini-siyasi sapmalar doldurmağa başlayır. Heç şübhəsiz ki, bu ideyaların sürətlə məruz qaldığı sahələrdən biri də kinematoqrafiyadır. Elə son olay da bunun göstəricisidir. Kinematoqrafiyanın vacib cəhətlərindən biri də sərhədləri aşıb mədəni-kulturoloji ixrac potensialına malik olmasıdır. Düşünürəm ki, kinematoqrafiyamız "yumşaq güc" olmaq potensialına malikdir və yaxın perspektivdə yerləşdiyimiz coğrafiyada mədəni-əxlaqi dəyərlərimizi tanıtmağa və sevdirməyə nail olacaqdır. Bu prosesi uğurla tətbiq etmək üçün yüksək professionallıq, savad, müasir dünya kinosunda gedən proseslərdən xəbərdar olmaq, ən əsası, öz xalqının tarixini, mədəniyyətini bilən və sevən peşəkarlar sənətkarlarımız lazımdır”.

 

Azərbaycan Turizm və Menecment Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə isə deyib ki, Azərbaycan mədəniyyətindən və ədəbiyyatından bixəbər olan birinin Məhsəti Gəncəvi barədə fikir bildirməyə heç bir mənəvi haqqı yoxdur:

 

XX

 

“Mədəni irsimizin simvolu olan bir qadını tanımayan, onun yaradıcılığını anlamayan, tarixlə bağlı elementar biliyi belə olmayan birinin iddiası sadəcə cəfəngiyatdır. Məhsəti Gəncəvi əsrlərin sınağından keçmiş bir dəyərdir. Onun adına kölgə salmağa çalışan isə mədəni-savad boşluğunun içindən səslənən bir səsdən başqa heç nə deyil. Tarixi şəxsiyyətə irad bildirmək üçün əvvəlcə tarixi bilməlisən. Mədəni dəyəri qiymətləndirmək üçün əvvəlcə mədəniyyətin nə olduğunu anlamalısan. Azərbaycan ədəbiyyatının intellektual, zərif və yüksək dəyərli qadın simalarından biri olan Məhsəti Gəncəviyə ləkə atmağa çalışan bir “azərbaycanlı xanım”a üzümü tutub demək istəyirəm ki, siz Məhsəti Gəncəvini deyil, yalnız və yalnız özünüzü ləkələdiniz! Əsrlər boyu mədəniyyətimizin işığına çevrilmiş bir qadının adına kölgə salmaqla siz onu deyil, Azərbaycan mədəni irsini qaralamağa cəhd edən biri kimi yadda qaldınız. Tarixi şəxsiyyətlər bizim milli kimliyimizin, mədəni yaddaşımızın bir parçasıdır. Onların obrazı yalnız bədii material deyil, həm də cəmiyyət üçün mənəvi dəyər daşıyır. Xüsusilə, Məhsəti Gəncəvi kimi ədəbi irsimizin simvolu olan şəxsiyyətin təqdimatı məsuliyyət tələb edir. Yaradıcılıq azadlığı vacibdir, ancaq bu azadlıq tarixi şəxsiyyətin adına ləkə gətirmək haqqı vermir. Yazıçı və ssenarist əlbəttə ki, yaradıcı azadlığa malikdir. Amma bu sərbəstlik tarixi faktları təhrif etmək, əsassız şəkildə bir şəxsiyyətin nüfuzunu zədələmək demək deyil. Tarixi şəxsiyyətlər barədə yanlış və qərəzli təqdimatlar yaratmaq sənət deyil, məsuliyyətsizlikdir. Yaradıcı təxəyyül faktların üzərində qurulmalıdır, faktların əleyhinə yox. Faktların azlığı iftira üçün əsas deyil. Məhsəti Gəncəvi haqqında informasiya tam olmasa belə, mövcud mənbələr onu intellektual, zərif və yüksək mənəviyyatlı qadın-şair kimi təqdim edir. Tarixdə boşluqlar varsa belə, bunları qərəzli şəkildə doldurmaq tarixi şəxsiyyətə hörmətsizlikdir. Sənətkar ehtiyatlı olmalı, faktları uydurma ilə dəyişməməlidir. Cəmiyyət qadın tarixi şəxsiyyətlərin sayının az olmasına görə onlara daha həssas yanaşır. Məhsəti kimi qadın ədəbiyyat simasının əsassız şəkildə məfi təqdim olunması, üstəlik bunu bir qadının etməsi təbii olaraq daha çox narazılıq yaradır. Məsələ müəllifin cinsi deyil, onun məsuliyyətli, obyektiv və vicdanlı olub-olmamasıdır. Bu narazılıq tamamilə haqlıdır. Çünki film tarixi şəxsiyyətə əsassız şəkildə mənfi çalar əlavə edir və bu nə sənət baxımından, nə elmi baxımdan, nə də etik baxımdan qəbul edilə bilər. Məhsəti Gəncəvi bizim milli irsimizdir. Onun adını ləkələmək, əsassız şəkildə əxlaqsız qadın kimi təqdim etmək həm mədəniyyətimizə, həm tariximizə qarşı hörmətsizlikdir. Belə hallara irad bildirilməli, ictimai qınaq olmalıdır. Tarixi şəxsiyyətlər ucuz sensasiya mövzusu deyil. Faktlara hörmət etmək, şəxsi fantaziyanı tarixi həqiqət kimi qələmə verməmək, milli-mədəni irs daşıyıcılarını aşağılamaqdan çəkinmək, tarixi şəxsiyyətlərin nüfuzuna zərər vurmayacaq dərəcədə bədii azadlıqdan istifadə etmək - əgər yaradıcı insan bunlara əməl etmirsə, onun işi sənət deyil, şəxsiyyətin nüfuzuna zərər yetirməsidir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Dörd

Tarix: 6 Dekabr 2025, 16:24   
Избранный
56
pravda.az

1Источники