RU

Əbu Şəbabın varisi HƏMAS-a qarşı mübarizə aparacağını deyib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Qəzzanın cənubunda Rəfah istiqamətində fəaliyyət göstərən silahlı qrupların lideri Yasir Əbu Şəbabın öldürülməsi bölgədə yeni gərginlik yaradıb. Onun əsas varisi hesab olunan Qəssan əl-Dəhini HƏMAS-a qarşı müqaviməti davam etdirəcəyini açıqlayıb.

HƏMAS mənbələri “Əş-Şərq əl-Əvsat”a bildiriblər ki, hərəkat Əbu Şəbabın öldürülməsindən əvvəlcədən xəbərsiz olub və prosesə müdaxilə etməyib. Ekspertlər iddia edirlər ki, Əbu Şəbab kimi şəxslər İsraillə əməkdaşlıqda ittiham olunduğuna görə hərəkat tərəfindən hədəf sayılırdı.

HƏMAS açıqlamasında onun ölümünü “xalqına xəyanət edən hər kəsin qaçılmaz sonu” adlandırıb, həmçinin onu himayə etməyən qəbilə və ailələri alqışlayıb.

Qruplaşma liderlərinin açıqlamasına görə, Əbu Şəbab bir ailə münaqişəsini ayırmağa çalışarkən güllələnib. Qrup HƏMAS-ın məsuliyyət daşıdığı iddialarını rədd edib.

Lakin İsrailin versiyası fərqlidir. Rəsmi Tel-Əviv onun öz mühafizəçiləri tərəfindən vəzifə bölgüsü, maliyyə və İsraillə əməkdaşlıq üstündə yaranmış münaqişə fonunda döyülərək öldürüldüyünü iddia edir. HƏMAS mənbələri bu versiyanı “İsrailin agentlərdən imtina etməsi və onları gözdən salmaq cəhdi” kimi qiymətləndirir.

HƏMAS daxili mənbələri bildirir ki, Tel-Əviv Əbu Şəbab kimi silahlı qrupları Qəzzada hərəkatın təsirini qırmaq üçün alternativ qüvvə kimi hazırlasa da, bu layihə tamamilə iflasa uğrayıb. Onların iddiasına görə, bu qruplar nə əraziyə nəzarət edə bilib, nə də Fələstin cəmiyyətində parçalanma yarada biliblər.

“Yediot Ahronot” qəzeti də İsrailin lokal alternativ güc yaratmaq planının çökdüyünü yazıb.

Əbu Şəbabın ən yaxın adamı olan Qəssan əl-Dəhini yaralı vəziyyətdə Aşkelondakı Barzilai xəstəxanasına aparılıb. O, qısa videosunda Əbu Şəbabın “layihəsini davam etdirəcəyini” deyib və HƏMAS-ın “çox zəif” olduğunu iddia edib.

Lakin İsrail mediası qeyd edir ki, onun lider kimi sabit mövqeyi yoxdur və qruplaşma daxilində parçalanma dərinləşir.

Mənbələr bildirir ki, Əbu Şəbabın ölümünə səbəb olan qarşıdurma Debari və Əbu Sənəima qəbilələrinə mənsub iki gənclə bağlı olub. Həmin şəxslər daha sonra Əbu Şababın adamları ilə atışmada öldürülüb.

Избранный
28
turkic.world

1Источники