RU

Hədiyyə qutularında gizlənən risklər

Yeni il yaxınlaşdıqca mağazalarda uşaqlar üçün nəzərdə tutulan rəngarəng hədiyyə qutularının satışında artım müşahidə olunur. Bu qutular əsasən şirniyyatlar, şokoladlar, saqqızlar, peçenyelər və müxtəlif qəlyanaltılarla dolu olur. Lakin mütəxəssislər valideynləri ehtiyatlı olmağa çağırır. Belə ki, tərkibi, mənşəyi və saxlanma şəraiti bilinməyən qidalar uşaqların sağlamlığı üçün risk yarada bilər.

Qeyd edək ki, satışda olan bəzi hədiyyə qutularında məhsulların istehsal və son istifadə tarixi aydın göstərilmir, bəzi hallarda isə məhsullar müxtəlif istehsalçılardan toplanaraq qutulara yığıldığı üçün onların təhlükəsizlik standartlarına uyğunluğunu müəyyənləşdirmək çətindir. Bu səbəbdən də əksər valideynlər həmin qutuların cazibədar görüntüsünə aldanmamalı, ilk növbədə, məhsulların keyfiyyətinə və mənşəyinə diqqət yetirməlidirlər.

Valideynlərin ən çox rastlaşdıqları problemlərdən biri də həddindən artıq şəkərli və rəngləndiricilərlə zəngin məhsulların paketlərdə üstünlük təşkil etməsidir. Belə məhsullar uşaqlarda allergiya, həzm pozuntuları və hətta hiperaktivlik kimi problemləri artırır.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, Yeni il qabağı valideynlər uşaqlarını sevindirmək üçün bəzən hazır qutularda öncədən hazırlanmış hədiyyələrə üstünlük verirlər: "Burada diqqət olunacaq əsas məqamlardan biri odur ki, uşaqlar hər zaman yüksək risk qrupuna aid olan yaş kateqoriyasındandır və onların qəbul etdikləri qidalarda hər hansısa uyğunsuzluq olarsa bu, onlarda ciddi sağlamlıq riskləri yarada bilər. Bəzən istehsalçılar daha ucuz başa gəlsin, daha çox gəlir əldə etsinlər deyə ucuz, adətən də tanınmış markaların adı ilə istehsal olunmuş saxta, mənşəyi bəlli olmayan əksər məhsullarını bər-bəzəkli qutuların içində maskalayaraq satışını həyata keçirirlər. Bir çox hallarda da həmin məhsullar aidiyyəti qurum tərəfindən nəzarətdən keçmiş olmur. Bəzən də bu məhsullar qarışıq şəkildə yığılır. Bu da onların saxlama şəraitinə və temperaur rejiminə əməl olunmaması deməkdir. Bu cür keyfiyyətsiz məhsullar uşaqlarda qida zəhərlənmələrinə, allergik reaksiyalara, eləcə də həzm, mədə-bağırsaq sisteminin pozulmasına səbəb ola bilər.

Bəzi hallarda həmin hədiyyə qutularında son istifadə müddəti keçmiş məhsullar və ya istehsal tarixi ümumiyyətlə üzərində qeyd olunmayan məhsullar olur ki, bu məhsullar da zərərli və təhlükəli məhsullar qismindədir. Eləcə də cəlbedici olsun deyə içində daha xırda, keyfiyyət sertifikatı olmayan, uşaq orqanizminə zərər verən boyalardan, materiallardan istifadə olunmuş oyuncaqlar var ki, bunlar da bir çox hallarda uşaqların ağır metallarla, eyni zamanda, zərərli sintetik boyalarla zəhərlənməsinə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, davamlı olaraq belə məhsullarla təmasda olmaq dəridə qıcıqlanmalara, allergiyaya səbəb olur.  Bununla yanaşı, uzun müddət istifadə etdikdə bu məhsullar zəhərləyici təsirə malik ola bilərlər. Bəzi paketlənmiş qidaların tərkibində kimyəvi maddələr və ya çərəzlərdən istifadə olunur. Bir çox uşaqların çərəzlərə qarşı da allergiyaya rast gəlinir. Qidaların üzərində bunların qeyd olunmaması allegiyası olan uşaqlar üçün riskli yarada bilər.

Hədiyyə qutularının etibarlılığı necə təmin olunmalıdır?

Ekspertin sözlərinə görə, ümumiyyətlə, uşaqlar üçün Yeni il hədiyyəsi alınacaqsa, bu, keyfiyyətli, mənşəyi bəlli olan və etibarlı istehsalçının məhsulu olmalıdır: "Qutunun üzərində içindəki məhsulların siyahısı, onların tərkibi, istehsal tarixi, son istifadə müddəti göstərilməli, saxlama şəraiti üstündə yazılmalı və   temperatura uyğun şəkildə saxlanılmalıdır. Günəş şüası altında, temperaturu həddindən artıq  yüksək olan yerdə saxlanılmamalıdır. Əgər hədiyyə qutusunun içində oyuncaq varsa bu, qida ilə eyni paketdə olmamalıdır. Qutudakı məhsulların tərkibində həddindən artıq şəkərli şirniyyatların, doymuş və trans yağlardan istifadə olunan məhsulların olmamasından əmin olmaq lazımdır.

Eləcə də çips, suxari kimi qəlyanaltılarda həddindən artıq çox duz və  doymuş yağlar ola bilər. Bunlar da uşaqlarda hiperaktivlik, allergiya, mədə ağrısı, iştahsızlıq kimi bir çox fəsadlara yol aça bilər. Bunlarla yanaşı, əgər məhsulun rəngində, qoxusunda dəyişiklik varsa həmin məhsulu istifadə edilməməlidir. Bəzən qida məhsulunun paketinin zədələnəməsi ilə onun tərkibi dəyişə bilər. Bu da məhsulun keyfiyyətinin aşağı düşməsi deməkdir. Qida məhsulu alarkən bu məqamlara diqqqət yetirməkdə fayda var.

Valideynlər nələrə diqqət etməlidirlər?

Övladlarının sağlamlığının qayğısına qalan valideynlər mütləq şəkildə qutunu özləri almalı, uşağın sağlamlığı üçün faydalı olan qidalardan, etibarlı, mənşəyi bəlli olan istehsalçı məhsullarından alaraq özü qutunu yığıb övladına hədiyyə etməlidir. Uşağın allergiyası varsa, mütləq şəkildə seçilmiş məhsullardan istifadə etmək lazımdır. Valideynlərin diqqət etməli olduqları digər məqam odur ki, bəzi hallarda belə hədiyyə qutularının içindən çıxan kiçik ölçülü oyuncaqlar üç yaşdan aşağı uşaqlar üçün təhlükəli ola bilər. Eyni zamanda, Yeni il şənliklərində təqdim olunan hədiyyə qutularındakı məhsullarda daha diqqətli olmaq lazımdır. Çünki bu məhsullar bir çox hallarda həmin şənlikləri təşkil edən insanlar tərəfindən və yaxud da sifariş əsasında hazırlanır, nəzarətdən keçməmiş olurlar. Bu səbəbdən də həmin məhsullarda risk faktorları daha çox ola bilər."

Hədiyyə seçimi zamanı ən xırda diqqətsizlik uşaqların sağlamlığını riskə atmaq deməkdir. Uşaqlar üçün seçilmiş ən yaxşı hədiyyə həm təhlükəsiz, həm də onları sevindirən olandır.  

Şahnigar Əhmədova, "İki sahil"

Избранный
31
ikisahil.az

1Источники