RU

Nadir Alpaslan: İƏT Mədəniyyət Festivalı tarixi mirasımızı qorumağa xidmət edəcək

Bakı, 8 dekabr, AZƏRTAC

İƏT Mədəniyyət Festivalı yalnız sənət təzahürü deyil, həm də xalqlarımız arasında mənəvi bağ, qarşılıqlı anlaşma və birgə tarixi yaddaşın gücləndirilməsi üçün mühüm vasitə olduğunu bir daha göstərir. Azərbaycanla Türkiyə arasında “Bir millət, iki dövlət” prinsipi üzərində formalaşan qardaşlıq münasibətləri mədəni əməkdaşlıq sahəsində də nümunəvi model təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimində Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan deyib.

O qeyd edib ki, Türkiyə mədəniyyət sahəsində ortaq təşəbbüslərin genişləndirilməsinə, gənclərin yaradıcı mühitə cəlb edilməsinə, İslam mədəniyyətinin innovativ və müasir təqdimat formatlarının inkişafına hər zaman dəstək verməyə hazırdır. Bu istiqamətdə İƏT çərçivəsində atılan addımlar, mədəni platformaların genişlənməsi və yaradıcı sənayelərin inkişafı bizim üçün strateji əhəmiyyət daşıyır.

“Əsrlər boyunca İslam mədəniyyəti coğrafiyamızın memarlığından musiqisinə, ədəbiyyatından elminə qədər həyatımızın bütün qatlarına sirayət edib, bu gün isə yeni texnoloji mühit, yaradıcılıq ekosistemləri və qlobal mədəni inteqrasiyalar vasitəsilə daha geniş auditoriyalara çatdırılır. Biz inanırıq ki, bu festival həm tarixi mirasımızı qorumağa, həm də müasir təsəvvür çərçivəsində zənginləşdirməyə xidmət edəcək.

Azərbaycanın mədəni diplomatiya sahəsində nümayiş etdirdiyi liderlik isə, regional həmrəyliyin formalaşmasına verdiyi töhfələr həm Türkiyə, həm də bütün İslam dünyası tərəfindən yüksək dəyərləndirilir. Bu əməkdaşlığın gələcək illərdə daha çox layihə və mədəni mübadilə formatları ilə genişlənəcəyinə əminik”,-deyə nazir əlavə edib.

Избранный
35
azertag.az

1Источники