İspaniyanın “Selta” klubunun İsveçdən olan 21 yaşlı sol cinah hücumçusu Villiot Svedberq unikal nailliyətə imza atıb.
Arena.az xəbər verir ki, vinger buna İspaniya La Liqasının 15-ci turu çərçivəsində “Real”a qalib gəldikləri matçda fərqlənməklə nail olub.
Bu matçda dubl edən isveçli oyunçu 2018-ci ilin oktyabrından sonra “Real”a qarşı ardıcıl üç çempionat görüşündə qol vurmuş ilk əcnəbi futbolçudur. Daha əvvəl “Barselona”nın sabiq hücumçusu Luis Suares ardıcıl üç oyunda bunu bacarmışdı.
Xatırladaq ki, “Selta” “Real”ı səfərdə iki cavabsız qolla məğlub edib.
Villiot Svedberq İsveçin “Hammarbü” klubunun yetirməsidir. “Frey” və “Hammarbü Talanq”da da oynamış futbolçu 2022-ci ildən “Selta”nın uğurları üçün çalışır. 21 yaşlı futbolçu La Liqa klubunun heyətində 73 oyuna çıxıb, 13 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
Svedberq İsveçin U-15, U-16, U-18, U-19, U-21 yığmalarında oynayıb, 2024-cü ildə isə əsas millidə 1 oyun keçirib.
“Transfermarkt” internet-portalı 21 yaşlı vingerin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.
