Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Körpələrin bədən temperaturunu tənzimləmə sistemi hələ tam formalaşmadığı üçün onların orqanizmi yüksək qızdırmaya çox həssas olur. Uşağın hərarəti 38–39°C-ə qalxdıqda bədən normadan artıq istilik yığmağa başlayır”.Bunu neonatoloq, pediatr Arzu Şıxhəmzəyeva Demokrat.az-a açıqlamasında deyib. O qeyd edib ki, körpə bunu təkbaşına tənzimləyə bilmədiyi üçün vəziyyət sürətlə ağırlaşır:“Bu, xüsusilə beyin üçün risk yaradır və uzun müddət davam edən yüksək qızdırma sinir sistemində ciddi zədələnmələrə səbəb ola bilər. Bu səbəbdən valideynlər yüksək qızdırmanı yüngül qəbul etməməlidir. Körpədə halsızlıq, yuxululuq, iştahasızlıq, titrətmə, tez-tez ağlama, nəfəs almada çətinlik və ya qıcolma kimi əlamətlər varsa, dərhal həkimə müraciət edilməlidir. Əgər temperatur dərman verildikdən sonra 1–2 saat ərzində düşmürsə, bu da təhlükə siqnalıdır. Xüsusilə 1 yaşdan kiçik uşaqlarda yüksək qızdırma çox ciddi yanaşma tələb edir. Bu yaş qrupunda hərarət sürətlə qalxa bilir və körpə vəziyyətini sözlə ifadə edə bilmədiyi üçün valideynin diqqəti çox vacibdir. Təcili yardım çağırmaqdan çəkinməmək lazımdır. Tez tibbi müdaxilə körpəni həm ağırlaşmalardan, həm də daha ciddi nəticələrdən qoruyur. Uşağın vəziyyətində hər hansı dəyişiklik hiss edilirsə, vaxt itirmədən mütəxəssisə müraciət etmək ən doğru addımdır”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.