RU

“Dost kimidir”: Yeniyetmələrin dörddə biri psixoloji dəstək üçün süni intellektdən yardım istəyir

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bir dostu güllələnib, digəri bıçaqlanaraq öldürüldükdən sonra Şan psixoloji dəstək üçün "ChatGPT"yə müraciət etməyə başlayıb. O, əvvəlcə ənənəvi xidmətlərə üz tutsa da, “chat” adlandırdığı süni intellekt (Sİ) ona daha təhlükəsiz, daha az qorxuducu və ən əsası, hər zaman əlçatan görünmüşdü.

Bizimyol.info xəbər verir ki, araşdırmaya görə, İngiltərə və Uelsdə zorakılığa məruz qalan 13–17 yaşlıların təxminən 40%-i psixi sağlamlıq dəstəyi üçün Sİ çatbotlardan istifadə edir. Həm qurbanlar, həm də zorakılıq törədənlər bu xidmətlərə digər yeniyetmələrdən daha çox üz tutur. Gənclərlə çalışan ekspertlər isə xəbərdarlıq edir: “Risk altındakı uşaqlara bot yox, insan lazımdır”.

Uzun gözləmə müddəti və empatiya çatışmazlığı səbəbindən ənənəvi xidmətlər tələbi tam qarşılamır. Çatbotların anonimliyi isə xüsusilə risk qrupundakı gənclər üçün böyük rol oynayır.

Dostlarının ölümündən sonra 18 yaşlı Şan əvvəlcə "Snapchat"ın Sİ modelindən istifadə edib, sonra isə iki kliklə 24/7 ünsiyyət qura bildiyi "ChatGPT"yə keçib. O deyir: “Mənim üçün tam bir dost kimidir. NHS və xeyriyyə təşkilatlarının psixoloji xidmətlərindən daha az qorxuducudur, daha özəldir və mühakimə etmir. "Salam, bestie, məsləhətə ehtiyacım var" desəm, o da mənə eyni tonla cavab verir”.

Araşdırma göstərib ki, son bir ildə yeniyetmələrin dörddə biri psixi dəstək üçün Sİ çatbotlardan istifadə edib. Qara dərili gənclər arasında bu göstərici iki dəfə daha yüksəkdir. Müalicə üçün növbədə olan və ya müraciəti rədd edilən gənclərin Aİ-dən istifadə ehtimalı daha çoxdur.

Şan üçün ən önəmli üstünlük çatbotun tam məxfiliyi olub. O, məktəb terapevtinin dediklərini müəllim və valideynləri ilə paylaşmasından sonra özünü narahat hiss etdiyini bildirir. Bandalara qarışmış oğlanlar da müəllim və ya valideynin polisi məlumatlandırmasından ehtiyat edərək çatlardan istifadə etməyi daha təhlükəsiz sayırlar.

Başqa bir gənc deyir: “Mövcud sistem gənclərə yardım göstərməkdə çox qüsurludur. Çatbot isə dərhal cavab verir. Bir-iki il növbə gözləməkdənsə, bir neçə dəqiqəyə cavab almaq təbii ki, daha cəlbedicidir.”

"Youth Endowment Fund"un icraçı direktoru Con Yates: “Çoxlu gənc psixi çətinliklərlə mübarizə aparır, amma lazım olan dəstəyi ala bilmir. Buna görə də texnologiyaya üz tutmaları təəccüblü deyil. Amma risk altındakı uşaqlara bot yox, insan lazımdır”, - deyə bildirib.

Bu arada, uşaqların çatbotlarla uzun müddət ünsiyyətdə olmasının təhlükələri ilə bağlı narahatlıqlar artır. "ChatGPT"nin arxasında duran "OpenAI" şirkəti, bu cür hallarla bağlı müxtəlif iddialar və məhkəmə prosesləri ilə üzləşsə də, intihar hadisələrində məsuliyyəti inkar edir. Şirkət bildirir ki, modeli emosional və psixoloji gərginlik əlamətlərini daha yaxşı tanımaq üçün təkmilləşdirir və ciddi intihar niyyətləri aşkarlandıqda aidiyyəti orqanlarla əlaqə yarada biləcəyini deyir.

Londonlu tədqiqatçı Hanna Cons süni intellektin “hər suala cavab verə bilən sehrli bir kitab kimi göründüyünü” desə də, tənzimlənmə çatışmazlığından ciddi narahatdır: “Gənclər Sİ-dən psixi dəstək üçün istifadə edir, halbuki o, bunun üçün nəzərdə tutulmayıb. Qaydalar həm elmi dəlillərə əsaslanmalı, həm də gənclərin özləri tərəfindən yönləndirilməlidir. Bizim nəsil belə bir texnologiya ilə böyüməyib, onların dünyasını tam anlaya bilmirik”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
80
bizimyol.info

1Источники