RU

Slovakiya Azərbaycan üçün Aİ ilə əlaqə və Mərkəzi Avropada logistika tərəfdaşı rolunu oynayır - ŞƏRH

Bakı, 9 dekabr, AZƏRTAC

Slovakiya-Azərbaycan münasibətləri sabit siyasi dialoq, artan iqtisadi əməkdaşlıq və mədəni mübadilə ilə xarakterizə olunur. Paralel olaraq, münasibətlərimiz həm də mədəniyyət və təhsil sahələrində əməkdaşlıqla inkişaf etdirir və akademik mübadilə ilə elmi-tədqiqat proqramları həyata keçirilir. Azərbaycan həm də Slovakiyanın enerji mənbəyi və Cənubi Qafqazda strateji tərəfdaşıdır. Slovakiya isə Azərbaycan üçün Avropa İttifaqı (Aİ) ilə əlaqə və Mərkəzi Avropada logistika tərəfdaşı rolunu oynayır. Bu gün ölkələrimiz arasında metal, maşınqayırma, kimya və kənd təsərrüfatı məhsulları üzrə ticarət əlaqələri mövcuddur. Qarşılıqlı olaraq enerji, nəqliyyat infrastrukturu və sənaye sahələrində birgə layihələrə maraq göstərilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva səsləndirib.

O bildirib ki, Azərbaycanla münasibətlərdə Slovakiyanın coğrafi mövqeyi həlledici amillərdən biridir və ölkənin logistika imkanlarının strateji əhəmiyyəti Azərbaycan üçün vacibdir. Belə ki, Avropanın mərkəzində yerləşən Slovakiya istər Aİ-nin daxili ticarətində, istərsə də xarici tərəfdaşlarla əməkdaşlıqda mühüm logistika qovşağı kimi vacib rol oynayır. Slovakiyanın Şimal–Cənub və Şərq–Qərb tranziti üçün əlverişli mövqeyi ölkəmizin Avropanın enerji bazarına inteqrasiya strategiyası üçün maraqlıdır. Çünki Avropa ticarət marşrutlarının mərkəzi nöqtəsi kimi Slovakiya Almaniya, Avstriya, Polşa və Çexiya kimi böyük iqtisadiyyatlara, həmçinin Aİ-də bizim əsas iqtisadi tərəfdaşlarımıza yaxınlığı ilə seçilir. Qərbi Avropa bazarlarını Mərkəzi və Şərqi Avropa ilə birləşdirən əsas nəqliyyat yollarının kəsişməsindəki bu coğrafi mövqe alternativ strateji dəhliz rolunu oynayır.

Y.Hacıyeva vurğulayıb ki, Slovakiyanın inkişaf etmiş avtomobil və dəmir yolları şəbəkəsi Avropa İttifaqının Trans-Avropa Nəqliyyat Şəbəkəsi dəhlizlərinə inteqrasiya olunub. Şəbəkə ölkəni iri limanlar, sənaye mərkəzləri və logistika qovşaqları ilə birbaşa bağlayır, beynəlxalq yük daşınmalarını səmərəli edir.

Qeyd olunub ki, Azərbaycan Slovakiyanın enerji təchizatında, xüsusilə neft və qazın təminatı, Cənub Qaz Dəhlizi layihələri vasitəsilə Aİ-nin enerji bazarına ölkəmizin inteqrasiyasında mühüm tərəfdaşdır.

“Qeyd etməliyəm ki, Avropa İttifaqı xüsusilə son illərdə Ukrayna müharibəsinin qitə üçün səbəb olduğu geosiyasi dəyişikliklər, enerji böhranı və təhlükəsizlik çağırışları fonunda Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyələrinə və regional təhlillərinə ciddi ehtiyac duyur. Prezident İlham Əliyevi Avropa üçün strateji əhəmiyyət daşıyan liderə çevrilir.

Ukraynada davam edən müharibənin Avropanın geosiyasi sabitliyinə ciddi təsir göstərdiyi göz önündədir. Məhz bu səbəbdən dövlətimizin başçısının mövqeyi və verdiyi tövsiyələr Aİ ölkələri üçün düzgün qərarların qəbul edilməsində, regiondakı prosesləri dəqiq qiymətləndirməkdə və enerji sabitliyini təmin etməkdə xüsusi dəyərə malikdir”, - deyə o vurğulayıb.

Избранный
68
azertag.az

1Источники