RU

Tramp miqrantlarla bağlı sərt açıqlamalar verdi

ABŞ prezidenti Donald Tramp Pensilvaniyada keçirilən çıxışı zamanı yenidən miqrantları hədəfə alıb və üçüncü dünya ölkələrindən gələn şəxslərin ölkədən çıxarılmasını tələb edib. AzPost xəbər verir ki, onun çıxışı “The Guardian” tərəfindən ksenofob xarakterli bəyanatlar kimi qiymətləndirilib.

Tramp tədbirdə həm iqtisadi vəziyyət, həm də immiqrasiya siyasəti barədə fikirlər səsləndirib. O, ABŞ-da bahalaşmanı “saxtakarlıq” adlandıraraq bildirib ki, iqtisadiyyata verdiyi qiymət “A-plus-plus” səviyyəsindədir. Prezident demokratları yüksək qiymətlərdə günahlandırıb və “yenidən Amerika üçün əlçatan həyat” vədini təkrarlayıb.

Çıxışının bir hissəsində Tramp Demokrat Partiyasından olan konqressmen İlhan Omara qarşı təhqiramiz ifadələr işlədib və onu ölkədən “geri göndərmək” lazım olduğunu deyib. Jurnalistlər xatırladır ki, Omar illər əvvəl ABŞ-a qaçqın kimi gəlib və 2000-ci ildə ABŞ vətəndaşlığı alıb. Trampın onun “qohumu ilə evlənməsi” iddiası isə dəfələrlə təkzib olunub.

Miqrasiya ilə bağlı danışan Tramp “remiqrasiya” terminindən istifadə edib və bunun amerikalılar üçün daha çox iş və daha yüksək əməkhaqqı demək olduğunu iddia edib. O, həmçinin əvvəlki prezidentlik dövründə Haitini və bir sıra Afrika ölkələrini “pis vəziyyətdə olan ölkələr” adlandırdığı barədə yayılan məlumatları bir növ təsdiqləyib.

Trampın çıxışı əsasən iqtisadiyyat mövzusuna fokuslansa da, siyasi müşahidəçilər onun bu ritorikanı gələn il keçiriləcək seçkilər fonunda respublikaçıların mövqeyini gücləndirmək cəhdi kimi dəyərləndirir. Associated Press-in sorğusuna görə, hazırda amerikalıların yalnız 33 faizi Trampın iqtisadi siyasətini dəstəkləyir.

AzPost.az

Избранный
7
azpost.info

1Источники