RU

Şeyxülislam Allahşükür Paşazadə ICESCO-nun Azərbaycanda regional ofisini ziyarət edib

BAKI, 10 dekabr. TELEQRAF

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 9-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda regional ofisini ziyarət edib.

Teleqraf xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki Şeyxülislamı səmimi salamlayaraq İslam dünyasının tanınmış dini liderinin bu məkana gəlişini olduqca əhəmiyyətli hadisə kimi dəyərləndirib.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki əsrlər boyu sivilizasiyaların qovuşduğu yer və sülhün beşiyi olan Bakının mərkəzində təhsil, elm, mədəniyyət və kommunikasiyanın, müasirliyin və adət-ənənənin harmoniya içində qovuşduğu bir mərkəz olan regional ofisin Azərbaycan və Mərkəzi Asiyanın ICESCO-nun üzvü olan dövlətlərini ehtiva etdiyini vurğulayıb, region ölkələrinin stendləri ilə Şeyxülislam A. Paşazadəni tanış edib.

ICESCO-nun Bakı ofisinin rəhbəri Abdulhakeem Alsenan bu tarixi əhəmiyyətli ziyarət üçün Şeyxülislam A. Paşazadəyə təşəkkürünü bildirib. Daha sonra tədbirdə ICESCO-nun yaranma tarixi, Azərbaycanla qurulan ikitərəfli əlaqələr, habelə ofisin fəaliyyətləri barədə videoçarx və slaydlar nümayiş olunub.

Şeyxülislam A. Paşazadə ICESCO-nun Bakı ofisinin Uca Allaha xoş gedən fəaliyyətlərinə xeyir-dualarını ifadə edib. Bildirib ki, İslam dünyasının mənafeləri naminə elm, təhsil, mədəniyyət əlaqələrinin dərinləşməsinə böyük töhfələr verən İSESKO dini-mənəvi dəyərlərimizin qorunması və inkişafı yönündə olduqca dəyərli işlər görür. Bakı ofisinin bu ilin aprelində açılışından keçən qısa dövr ərzində böyük dəyər kəsb edən işlər görüldüyünü qeyd edən QMİ sədri xüsusi vurğuladı ki, regional ofisin məhz Azərbaycanda, Bakının ən görkəmli və tarixi məkanında açılması ölkəmiz adına şərəfli hadisə, Azərbaycan dövlətinin, onun liderinin – Zati-aliləri Prezident İlham Əliyev cənablarının beynəlxalq əhəmiyyətli səylərinin bəhrəsi, İslam həmrəyliyi ideyalarına ehtiramı və İCESKO-ya ali diqqətinin təzahürüdür. Şuşanın 2025-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsinə görə xüsusi minnətdarlığını ifadə edən Şeyxülislam A. Paşazadə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikinin Azərbaycanın ali dövlət ordeni ilə təltif olunmasını xüsusi rəğbətlə vurğulamışdır. Azərbaycanın dini lideri İSESKO-nun xalqımızın haqq işi uğrunda mübarizəsinə hər zaman yüksək səviyyədə dəstək nümayiş etdirməsini, mədəni irsimizin bağlı qayğısını əsirgəməməsini, habelə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizmə məruz qalmış dini-mənəvi irsimizlə bağlı dolgun hesabat hazırlamasını olduqca yüksək dəyərləndirmiş, bu münasibətlə xüsusi təşəkkürlərini bildirib.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsi və İSESKO arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşün sonunda Şeyxülislam A.Paşazadə ofisin xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra Şeyxülislam A. Paşazadə və ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki İçərişəhərdə yerləşən Tolerantlıq Evini ziyarət edib, bu unikal məkanın dəyərli eksponatları ilə tanış olublar.

Tədbirlərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud iştirak edib.

Избранный
43
teleqraf.com

1Источники