RU

Vəhdət Partiyası regional siyasətdə mövqeyini daha da gücləndirir -Fotolar



Adəm İsmayıl Bakuvi: “Bölgələrə yalnız siyasi təşkilat kimi yox, cəmiyyətin bir parçası kimi yanaşırıq”
Vəhdət Partiyası ölkənin müxtəlif bölgələrində təşkilatlanmanı gücləndirmək məqsədilə düzenli regional konfranslar keçirir. Şirvan Gənclər Evində təşkil olunan və 100-dən artıq partiya üzvünü bir araya gətirən görüşdə əsas müzakirə mövzusu partiyanın regionlarda fəaliyyətinin daha çevik, məqsədyönlü və səmərəli qurulması olub. Təşkilati islahatlar, yerli strukturların yenilənməsi və ictimai fəallığın artırılması tədbirin əsas gündəm məsələləri kimi çıxış edib.
Partiya sədri Adəm İsmayıl Bakuvi çıxışı zamanı partiyanın missiyası və dəyərləri barədə danışaraq qeyd edib ki, partiya ölkənin bütün bölgələrində yenilənmə və güclənmə siyasətini ardıcıl şəkildə davam etdirir: “Hər bir bölgədə insanlara yaxın olmaq bizim əsas prinsipimizdir. Regionlarda yaşayan hər bir vətəndaşla ünsiyyət bizim üçün vacibdir. Məqsədimiz yalnız təşkilatın sayını artırmaq deyil, həm də regionda hər bir vətəndaşla sıx əlaqələr qurmaq, ictimai problemlərin həllinə töhfə vermək və gənclərin siyasi-ictimai fəallığını yüksəltməkdir”. Sədr Vəhdət Partiyasının bölgələrə yalnız siyasi təşkilat prizmasından deyil, həm də cəmiyyətin bir parçası kimi yanaşdıqlarını bildirib.

Görüşdə Şirvan və Hacıqabul bölgələrində qarşıdakı dövrdə görüləcək işlər geniş müzakirə olunub. Yeni üzvlərin cəlbi, şəhər özəklərinin genişləndirilməsi, gənclərlə işin gücləndirilməsi və sosial layihələrin miqyasının artırılması prioritet kimi müəyyən edilib. Şəhid və qazi ailələrinə sosial dəstək, aztəminatlı ailələr üçün proqramlar, ekoloji və könüllülük təşəbbüsləri xüsusi qeyd olunub.

Konfrans çərçivəsində Şirvan şəhər təşkilatının rəhbər seçkiləri keçirilib və İlkin Nuraliyev sədr seçilib. Eyni zamanda, Hacıqabul rayon təşkilatı da bərpa edilərək Rövşən Heydərov sədr təyin olunub.
Görüşün sonunda iştirakçılar sosial fəaliyyətlərin genişləndirilməsi, struktur islahatlarının təkmilləşdirilməsi, gənclərin daha aktiv cəlb olunması və yerli problemlərin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıblar.



Избранный
43
aia.az

1Источники