RU

 Boliviyanın eks-prezidenti korrupsiya istintaqı çərçivəsində saxlanılıb

Boliviyanın keçmiş prezidenti Luis Arse hakimiyyəti yeni dövlət başçısına təhvil verdikdən təxminən bir ay sonra korrupsiya istintaqı çərçivəsində saxlanılıb.

Yüksək vəzifəli bir hökumət rəsmisi L. Arsenin dünən "dövlət vəsaitlərinin mənimsənilməsi" iddiası əsasında "vəzifə öhdəliklərinin yerinə yetirilməsində səhlənkarlıq və maliyyə fırıldaqçılığı" ittihamları ilə həbs olunduğunu bildirib. Xüsusilə, bu, L. Arsenin sabiq lider Evo Moralesin hökumətində iqtisadiyyat naziri vəzifəsində çalışdığı dövrlə bağlıdır.

Bildirildiyinə görə, L. Arse paytaxt La Pasda həbsdə saxlanılır. Ona qarşı irəli sürülən ittihamlar dörd ildən altı ilə qədər həbs cəzası nəzərdə tutur.

Oktyabrın 19-da Boliviyada keçirilən prezident seçkilərinin ikinci turunda Rodrigo Pas qalib gəlib. Həmin vaxt prezident olan Luis Arse rəqibini təbrik edib və hakimiyyətin nizamlı şəkildə ötürülməsini təmin edəcəyinə söz verib.

R. Pas parlamentdə and içib və  noyabrın 8-də vəzifəsinin icrasına başlayıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
5
azerbaijan-news.az

1Источники