RU

Ekspert: İnnovativ layihələrin maliyyələşdirilməsi yeni texnoloji həllərin meydana çıxmasına səbəb olacaq

Bakı, 11 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycanda rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi milli iqtisadiyyatın dayanıqlığının və rəqabətqabiliyyətliliyinin artırılmasında əsas amillərdən birinə çevrilir. Dövlətin fəal dəstəyi zəruri infrastrukturun formalaşdırılmasına və biznesi müasir həllərin tətbiqinə təşviq etməyə imkan verir. “2026–2029-cu illər üçün Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafı strategiyası” isə 2029-cu ilədək rəqəmsal transformasiyada iştirak edən müəssisələrin sayının artması və biznes üçün geniş imkanlar açır.

Bunu AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat kafedrasının dosenti, iqtisad elmləri namizədi Emin Qəribli deyib.

Ekspertin sözlərinə görə, qlobal rəqəmsal proseslərə daha sürətli qoşulan ölkələr mühüm üstünlüklər əldə edirlər. O vurğulayıb ki, qarşıdakı illərdə dayanıqlı iqtisadi inkişaf rəqəmsallaşmanın sürətindən və müəssisələrin yüksək texnoloji standartlara uyğunlaşmaq bacarığından asılı olacaq.

Emin Qəribli bildirib ki, rəqəmsal transformasiyanı sürətləndirən əsas amillər dövlət tərəfindən vergi güzəştləri təqdim etmək, ixtisaslaşmış texnoloji zonaları, klasterləri və platformaları yaratmaq, həmçinin məlumat bazalarının və rəqəmsal ekosistemlərin formalaşmasına dəstək göstərməkdir.

“Almaniya, Sinqapur, Türkiyə, Estoniya və Finlandiya kimi ölkələrin uğurlu beynəlxalq modelləri dövlət stimulları, təhsil proqramları və texnologiyaların mərhələli tətbiqini birləşdirən kompleks yanaşmanın səmərəliliyini nümayiş etdirir. Xüsusilə də müəssisələr üçün bu texnologiyaların tətbiqi sahəsində çox maraqlı təcrübələr var. Dövlət müvafiq öhdəliklər götürür və müvafiq şirkətləri dəstəkləyir. Azərbaycanda startap ekosisteminin daha fəal inkişafına və universitetlərin özəl sektorla əməkdaşlığının stimullaşdırılmasına ehtiyac var”, – deyə Emin Qəribli bildirib.

Onun fikrincə, innovativ layihələrin müsabiqə əsasında maliyyələşdirilməsi yeni texnoloji həllərin meydana çıxması üçün əlverişli şərait yaradacaq və süni intellekt sahəsində milli potensialı gücləndirəcək.

Emin Qəribli, həmçinin bir sıra dövlət mərkəzlərinin mərhələli şəkildə kommersiya əsasına keçirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu yanaşma büdcə yükünü azaltmağa və rəqəmsal iqtisadiyyat şəraitində fəaliyyətin səmərəliliyini artırmağa imkan verəcək.

Ekspert qeyd edib ki, süni intellekt texnologiyalarının tətbiqi və müvafiq rəqəmsal platformaların yaradılması Azərbaycana qlobal texnoloji mühitdə mövqelərini möhkəmləndirməyə və yeni investisiyalar cəlb etməyə şərait yaradacaq.

Избранный
49
azertag.az

1Источники