RU

“Sev” romanı və oxu ki, bəşəriyyət xilas olsun… - FOTO


Sevgini Kəbə bilənlərin, “Yaxşının qibləsinə Aşığı tərsinə qoy” sızıltısına könül qızdıranların dastanıdır “Sev”. Kitabın epiqrafında deyildiyi kimi, “Sev”i “yalnız sevənlər anlayar”. Dünyanın dərdinisevənlər duyar, qəlbində nisgili, belində zamanın ağrılarını daşıyar onlar-sevgi yolçuları, qovuşmaq üçün diyar-diyar gəzər.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, yazıçı Natiq Məmmədlinin “Sev” romanının qəhrəmanları Səid və Müjdə vüsal ümidilə çırpınan bir cüt sevdalı gəncdir.

“Sev” əsərinin əsas mövzusu sevgidir, bu sevgi yalnız iki insan arasında deyil, həm də bəşəriyyətin xilas yolu kimi göstərilib.

Süjet xətti Cənub-Şərqi Asiya ölkələrinə səyahət edən turistlərə bələdçilik edən Səid və Müjdə adlı iki gəncin arasında yaranan sevgi münasibətləri üzərində qurulub.

Onlar fərqli dinlərə mənsub olduqları üçün cəmiyyət tərəfindən sevgilərinə xor baxılır və ətraf onların məhəbbətinə mane olur.

Hadisələr Hindistan, Siqiriya, Bakı, Ukrayna və s. kimi müxtəlif məkanlarda baş verir və oxucuda bu yerlərin mədəniyyəti, həyat tərzi barədə təsəvvür yaradır.

Əsərdə postmodernist elementlər, realizm və ironiya kimi bədii üsullar, habelə XXI əsrin dünyagörüşünə aid məqamlar da yer alır.

Yazıçı simvollardan istifadə edir, məsələn, Sakura çiçəyi Sevgi ilə bağlı rəmz kimi təqdim olunur.

Mübagiləsiz deyə bilərik ki, “Sev” romanı Azərbaycanda kitapsevərlərin marağına səbəb olub. Ədəbiyyat tənqidçiləri əsərin sevgi, insanlıq, qloballaşan dünya və müasir problemlər kimi böyük mövzuları əhatə etdiyini vurğulayırlar.

Sevginin fərdi münasibətlərdən başlayıb bəşəri səviyyəyə qədər yüksələn qüvvə kimi təqdim edildiyi “Sev” romanının sorağını xeyli vaxtır almışdıq, tənqidçilərin, ədəbiyyat adamlarının yüksək dəyər verdiyi və ədəbi hadisə adlandırdığı bu kitabla tanış olmaq istəmişdik. Bu, günlərin birində Natiq Məmmədlinin müəllifi olduğu “Sev”in“LIBRAFF”da imza günündə nəsibimiz oldu.

Yazıçı və şairlərin oxucu qıtlığından gileyləndiyi, “kimsənin kiminsə kitabını oxumadığı” dedikləri günlərdə keçirilən imza günündə biz bunun əksini gördük. Ölkənin tanınmış media, ədəbiyyat, elm təmsilçilərinin, ictimai xadimlərin, xüsusən də gənclərin Natiq Məmmədlinin “Sev” romanının imza gününə böyük həvəslə gəlməsi sevginin və sözün, bir-birinin ayrılmaz parçası olan bu iki müqəddəs məfhumun qələbəsi kimi yaddaşımıza həkk olundu. Demək söz və sevgi birləşəndə bütün neqativ təsəvvürlər məğlub olur…

Kitab evinin zəngin salonu Natiq Məmmədli sevərlərin səmimi söhbətləri, gülər üzləri, mehriban davranışları ilə işıqlanır. Hər kəsin üzündən-gözündən sevgi axır sanki. Hər şey sevgi rəngindədir, “Sev”dən don geyib. Natiq müəllim qonaqlarını sevgilə qarşılayır, hamı ilə görüşür, təbrikləri qəbul edir. İnsanlığın və bəşəriyyətinin əbədi xilas yolunu sevgidə görür o.

Tədbirin başlamasına az qalır, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə yaxınlaşırıq, kitab haqqında ürəkdolusu danışır: “Natiq Məmmədli bizim peşəkar yazıçılardan biridir. Biz əvvələr də onun müxtəlif mövzuda hekayələrini, romanlarını oxumuşuq. “Sev” romanı orjinaldır. Əvvəla, adı çox cəlbedicidir. Digər tərəfdən, süjet xətti çox maraqlıdır, bir az macəra var. Fərqli dinə mənsub olan iki xarici ölkə vətəndaşının sevgilərinə qovuşması üçün öz ölkələrində imkan olmadığı üçün onlar tolerant bir ölkə kimi Azərbaycanı seçirlər və Azərbaycanda bir-birinə qovuşurlar.

Şübhəsiz ki, Azərbaycan da bütün dini konfessiyaların rahat yaşadığı bir məkandır. Bu baxımdan romanın süjet xətti realdır. Həm Azərbaycan mühiti, həm Azərbaycanda onlara münasibət baxımından çox məqamlar var. Eyni zamanda burada həm də dünyanın müxtəlif ölkələrinə səyahətlər, baş verən hadisələr də təsvir olunub. Bizim ədəbi əsərlərdə paralel mətnlər olur ki, bu əsərdə də “Sarı aşıqⅦ dastanına yönəlik sevgi əhvalatı fonunda paralellərin aparılması da diqqətimi cəlb etdi. Elə bilirəm ki, çağımızla bağlı maraqlı roman oxumaq istəyən gənclərimiz üçün maraqlı bir kitabdır. Hamısına tövsiyə edirəm ki, alıb oxusunlar. Natiqi də təbrik edirəm. Onun həm jurnalist, həm də yazıçı kimi Azərbaycan ictimai mühitində böyük yeri var. Sevinirəm ki, dostumuzun kitabının imza günü keçirilir”.

Zal doludur, yer tapıb oturanlarla yanaşı ayaqüstə dayananlar da var.

İmza günü başlayır, tədbiri şair Fərid Hüseyn aparır. F.Hüseyn deyir ki, N.Məmmədli dünyanı sevənlərə və sevməyənlərə bölür, əsərin konflikti də məhz o nöqtədə həll olur ki, dünya həqiqətən də sevənlərdən və sevə bilməyənlərdən ibarətdir.

O, sözü Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə verir. R.Məcid əvvəlcə N.Məmmədlinin milli mətbuatımızın 150 illik yoluna həsr etdiyi “150 ilin söhbəti” kitabının məziyyətlərindən danışır, eyni zamanda “Sev” romanı barədə fikirlərini bölüşür. APA agentliyinin rəhbəri Vüsalə Mahirqızı “Sev”in çap prosesindən danışır, millət vəkili Elçin Mirzəbəyli cəmiyyət olaraq sevgiyə çox böyük ehtiyacımız olduğunu deyir. Professor Qulu Məhərrəmli N.Məmmədlinin əsərlərinin dilindən danışır və vurğulayır ki, müəllifin əsərlərində ana dilimizin bütün gözəllikləri əks olunub. “Natiq Məmmədlinin dili və üslubu haqqında xüsusi danışmaq istəyirəm…Yazçı üçün dili yaratmaq bir missiyadır”-deyir Q.Məhərrəmli.

Əməkdar jurnalist Fuad Babayev kitabın maraqlı cəhətlərini vurğuladı və tövsiyə etdi ki, “Sev”i oxumayanlar varsa, alıb bu kitabı oxumalıdır, özünün də kitab haqqında ayrıca məqalə yazacağını dedi.

Əməkdar jurnalist Sahil İsgəndərli bildirir ki, əsərin adının “Sev” olması müəllifin kim və qayəsinin nə olduğunu göstərir. “Biri müharibəyə çağırır, bir başqasına hücum etməyə çağırır, amma Natiq Məmmədli bəşəriyyəti sevgiyə, sevməyə çağırır”. Bunu S.İsgəndərli deyir.

Çıxışların arasında F.Hüseyn deyir ki, “Sev” çoxplanlı əsərdir. O, həmçinin məlumat verir ki, N.Məmmədlinin Qarabağ zəfərindən bəhs edən yeni kitabı yol gəlir.

Sonda söz Natiq Məmmədliyə verilir. N.Məmmədli kitabın adının doğulmasından danışır, deyir ki, ad “İncil”in ilk sözü olan “sev”dən götürülüb. “Bu, Allahın bir müjdəsidir. Bu başqa məsələdir ki, 2000 ildir insanlar “İncil”I oxuyur, amma bir-birini sevə bilmir. Fikirləşdim ki, kitaba nə ad qoymaq olar? Dedim elə Allahın göndərdiyi ən gözəl kəlmə ən gözəlidir, onu təkrar etmək lazımdır. O kəlməni 2025-ci ildə təkrar etmək bəlkə də mənim qismətimdir, taleyimdir. Bu kitabı pandemiya dövründə yazmışam… Mənim mövqeyim belədir ki, ədəbiyyat gənclərə müraciət etməlidir. Düşündüm ki, bu romanı gənclər üçün yazmaq lazımdır, amma elə yazmalıyam ki, XXI əsr insanının psixoloji portreti burada əks olunsun. Adını “Sev” qoydum, sevgi xətti gedir, sevgi bu süjetin üst qatıdır, bunun alt qatları da var. Onu oxuyan adam daha yaxşı bilər. Dedim ki, əsərin süjet xətti qarışıqdır, insanlar oxuyar başa düşməz, üstünə yazdım ki, yalnız sevənlər anlayar. Əvvəl sevməyi öyrən, sonra kitabı oxu, anlayacaqsan…”

N.Məmmədli dedi ki, sevmək çətin işdir, ən çətini də insanın özünün özünü sevməsi…

Sevmək çətin olsa da, dünya sevməyi bacaranlardan xali deyil, sevgini bəşəriyyətin xilası kimi görənlər, qavrayanlar var. “Sev” də o yolu işıqlandıran bir əsərdir. Oxuyaq, sevə-sevə oxuyaq, “Sev” bizdən danışır…

Sonda N.Məmmədli “Sev” sevərlər üçün kitabını imzaladı…

İradə SARIYEVA

Избранный
16
baki-xeber.com

1Источники