RU

Əli Əsədov Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı tədbirdə çıxış etdi

"Azərbaycan, Türkmənistanın BMT tərəfindən rəsmi şəkildə tanınan və dəstəklənən daimi neytrallıq siyasətini yüksək qiymətləndirir və dərin hörmətlə yanaşır".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
 
Onun sözlərinə görə, Türkmənistan bu kursu həyata keçirdiyi 30 il ərzində inamlı şəkildə sübut edib ki, neytrallıq yalnız xarici siyasət mövqeyi deyil, həm də sülhə, təhlükəsizliyə və davamlı inkişafa töhfə verən dəyişdirici bir qüvvə ola bilər:
 
"Azərbaycan neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-də irəli sürülən qətnamələri daim dəstəkləmiş və “Beynəlxalq sülh və etimad ili – 2025” qətnaməsinə həmmüəllif qismində qoşulmuşdur. Biz qardaş Türkmənistanın bu təşəbbüslərini qlobal sülh və təhlükəsizlik arxitekturasına mühüm töhfə kimi qiymətləndiririk. Azərbaycan Respublikası Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin yaradılması ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirir və Universitetin işində fəal iştirak etməyə hazırlığını ifadə edir.
 
Cari ilin iyun ayında Bakıda Türkmənistanın daimi neytrallığının 30 illiyinə və eyni zamanda “Beynəlxalq sülh və etimad ili”nə həsr olunmuş “Azərbaycan–Türkmənistan” beynəlxalq elmi-praktiki simpoziumu keçirilib".
 
Baş nazir bildirib ki, Azərbaycan və Türkmənistan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının üzvləridir: "Hər iki dövlət Hərəkatın əsas prinsiplərinə sadiqliyini ardıcıl olaraq nümayiş etdirir, üzv ölkələr arasında konstruktiv dialoqun, qarşılıqlı anlaşmanın və həmrəyliyin təşviqində mühüm rol oynayır.
 
2019–2023-cü illərdə Hərəkatda sədrliyimiz dövründə təsisatın fəaliyyətini səmərəli şəkildə əlaqələndirməklə yanaşı, tərəfimizdən humanitar əməkdaşlığın genişləndirilməsinə, Hərəkatın institusional potensialının möhkəmləndirilməsinə, onun beynəlxalq arenada rolunun və siyasi əhəmiyyətinin artırılmasına yönəlmiş bir sıra mühüm layihələr irəli sürülüb".
 
Əli Əsədov vurğulayıb ki, Azərbaycan və Türkmənistan arasında dərin tarixi köklərə, mənəvi və mədəni dəyərlərə söykənən ənənəvi dostluq və qardaşlıq münasibətləri mövcuddur:
 
"İkitərəfli münasibətlərimiz son illərdə dinamik inkişaf yolu keçib. İki ölkə liderləri arasında bu il baş tutmuş qarşılıqlı səfərlər və görüşlər ikitərəfli münasibətlərdə yeni səhifə açıb, onları strateji tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəsinə yüksəldib.
 
Xüsusi məmnuniyyətlə qeyd etmək istərdim ki, bu ilin iyul ayında Türkmənistanın Xalq Məsləhətinin sədri hörmətli Qurbanqulu Məlikquluyeviçin Azərbaycana səfəri Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafına misilsiz töhfə verib.
 
Azərbaycan Prezidenti İlham Əliyev də cari ildə Türkmənistana işgüzar səfər edib və Azərbaycanın, Türkmənistanın və Özbəkistanın iştirakı ilə üçtərəfli yüksək səviyyəli görüşdə iştirak edib. Bu tədbir regional əməkdaşlığın genişləndirilməsi və çoxşaxəli qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün mühüm platformaya çevrilib".
 
Baş nazir söyləyib ki, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq iqtisadi, nəqliyyat və energetika daxil olmaqla geniş sahələri əhatə edir:
 
"Şübhəsiz ki, Xəzər dənizi dövlətlərimizi birləşdirən və ölkələrimizin iqtisadi həyatında mühüm rol oynayan amildir. Xəzərin sülh, rifah, sabitlik və təhlükəsizlik zonası kimi qorunub saxlanılması ticarət-iqtisadi və mədəni əlaqələrin daha da genişlənməsinə, biznes və turizmin inkişafı üçün zəruri şəraitin yaradılmasına imkan yaradır.
 
Xəzər dənizi üzərindən keçən vacib nəqliyyat arteriyaları region ölkələrinin maraqlarını əhatə edir və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni perspektivlər açır.
 
Cari ilin oktyabr ayında Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Sammiti çərçivəsində təməli qoyulan Füzuli məscidinin inşası təşəbbüsünə görə azad olunmuş Füzuli şəhərinin sakinləri bir müddət əvvəl hörmətli Qurbanqulu Məlikquluyeviçə minnətdarlıq məktubu ünvanlayıblar.
 
Biz həmçinin özbək, qazax və qırğız qardaşlarımız tərəfindən Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin, eləcə də Ağdamda Manas adına məktəbin inşasına görə göstərilən qardaşlıq dəstəyini yüksək qiymətləndiririk.
 
Eyni zamanda azad edilmiş ərazilərin dirçəlişi istiqamətində göstərilən qardaş dəstəyinə görə Türkiyəyə də dərin təşəkkürümüzü bildiririk.
 
Bütün bunlar, şübhəsiz ki, xalqlarımızın birliyinin bariz nümunəsi kimi Azərbaycan xalqının qəlbində əbədi qalacaqdır.
 
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər həqiqətən unikal xarakter daşıyır.
 
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə Azərbaycanın tamhüquqlu iştirakçı qismində qəbul edilməsi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Bizi çoxəsrlik ortaq tarix, mənəvi-mədəni irs, qardaşlıq, dostluq və həmrəylik birləşdirir.
 
Bugünkü iclasın həmçinin Türkmənistanın milli bayramı günü kimi qeyd edilən Beynəlxalq Neytrallıq Günündə keçirildiyini nəzərə alaraq, qardaş Türkmən xalqını səmimi qəlbdən təbrik edir, sülh və rifah arzulayıram".
 
Избранный
26
16
moderator.az

10Источники