RU

Azərbaycanın böyük Xilaskarı kimi adını tarixə yazdırdı



Hər bir xalq, hər bir dövlət öz tarixinin müəyyən bir məqamında dərin böhran, parçalanma təhlükəsi ilə üzləşir, "olum, ya ölüm" sualıyla qarşı-qarşıya gəlir. Azərbaycan xalqı və dövlətçiliyinin çağdaş tarixi üçün də belə bir kritik məqam məhz 1993-cü ilin may-iyun böhranı olub. 1993-cü ilin həmin dönəmində xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ölkənin ən çətin dövründə dövlətçiliyimizin qorunub saxlanmasını təmin etdi, bizə Azərbaycanın müstəqilliyini xilas etmək fürsətini qazandırdı. Eyni vaxtda həm vətəndaş qarşıdurması təhlükəsi ilə, siyasi hərcmərcliklə, ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə, həm də parçalanma təhdidi ilə, dərin iqtisadi böhran və ədalətsiz beynəlxalq təcrid şəraiti ilə üzləşmiş Azərbaycan dövləti məhz Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi müdrikliyi və gərgin zəhməti nəticəsində öz varlığını qoruyub saxlaya, tarixi iflasdan qurtula bildi. Elə buna görə də Ulu Öndərin qayıdışı ən yeni tariximizə Milli Qurtuluş faktı kimi daxil olub.
Heydər Əliyev "Böhran lideri" (crisis leader) adlandırılan böyük siyasətçilər kateqoriyasında yer almış tarixi şəxsiyyətlərdəndir. Bu cür liderlər adətən bu və ya digər xalqın, ölkənin dərin böhranla (siyasi, iqtisadi, hərbi və s.) üzləşdiyi məqamlarda cəmiyyətə xilas yolunu göstərə bilən, ölkəni çətin vəziyyətdən çıxarmaq üçün çevik, qətiyyətli və təsirli qərarlar qəbul etməyi bacaran şəxsiyyətlər kimi tarixin yaddaşına həkk olunurlar. Çünki belə şəxsiyyətlər kritik anda cəmiyyəti doğru istiqamətləndirərək öğlkədə sabitliyi bərpa etməyə nail olur və yeni inkişaf yolunu müəyyənləşdirirlər. Bu mənada bir çox tarixçilər, analitiklər Heydər Əliyevi haqlı olaraq Corc Vaşinqtonla, Napoleon Bonapartla, Mustafa Kamal Atatürklə, Şarl De Qoll və Uinston Çörçillə müqayisə edirlər. Təsadüfi deyil ki, ayrı-ayrı zamanlarda yaşamalarına baxmayaraq, bu liderlərin siyasi mübarizə tarixçələri ilə Heydər Əliyevin siyasi ömür yolu arasında həddindən artıq çoxlu bənzərliklər var.
Mən isə bir tarixçi kimi Heydər Əliyevin 1993-cü ilin may-iyun böhranı zamanı Azərbaycanın xilası üçün göstərdiyi misilsiz səylərini həm də 1929-1930-cu illərin Amerikasında yaşanmış total iqtisadi və siyasi böhran (Böyük Depressiya) dönəmində prezident Franklin D. Ruzveltin yerinə yetirdiyi xilaskarlıq, quruculuq missiyası ilə müqayisə etmək istərdim. Ruzvelt həmin dövrdə əsl böhran lideri kimi öz xalqının ən çətin anlarında onu böyük müvəffəqiyətlə idarə edərək ABŞ-ı ən ağır böhran məngənəsindən xilas etməyi və onu dünyanın lider dövləti halına gətirməyi bacardı. Heydər Əliyev də Azərbaycan üçün eyni işi gördü, eyni missiyanı yerinə yetirdi. 1990-cı illərin əvvəllərində bir dövlət kimi mövcudluğunun özü belə böyük bir sual altında olan Azərbaycan, 1990-cı illərin sonlarında isə məhz Heydər Əliyevin sayəsində Cənubi Qafqazın aparıcı dövlətinə çevrildi.
Hesab edirəm ki, Heydər Əliyevin xilaskarlıq və quruculuq yolunun özü bu gün universitetlərdə ayrıca bir predmet kimi tədris olunmalı, öyrədilməlidir. Çünki 1993-cü ildə çıxılmaz vəziyyətlə üzləşmiş Azərbaycan dövlətçiliyinin necə xilas edilməsi tarix və siyasət aspektindən həqiqətən də fövqəladə, unikal hadisədir. Həmin vaxt ölkəmiz bir tərəfdən vətəndaş müharibəsinə sürüklənirdi, digər tərəfdən torpaqlarımızın işğal olunması davam edirdi, ayrı-ayrı dəstələr, batalyonlar şəklində fəaliyyət göstərən, vahid komandanlığı və döyüş üçün yetərincə silah-sursatı olmayan ordumuzda özbaşınalıq və nizamsızlıq hökm sürürdü, siyasi xaos və sosial-iqtisadi böhran gün-gündən dərinləşirdi, cənub və şimal bölgələrimizdə isə ölkəni parçalanmaya aparan separatizm hərəkatları getdikcə daha da güclənirdi.
Bir sözlə, AXC-Müsavat hakimiyyəti ölkəni dərin siyasi, iqtisadi və hərbi böhran məngənəsinə soxaraq Heydər Əliyevə olduqca ağır bir miras qoyub getmişdi. Həmin vaxt hakimiyyətə gəlmək heç bir siyasətçi üçün qibtə olunacaq bir hal deyildi. Çünki ölkəmiz həlli mümkün görünməyən ağır problemlərin girdabında idi. Heydər Əliyev məhz belə bir kritik dönəmdə, vəziyətin tamamilə ümidsiz göründüyü bir məqamda idarəçilik yükünü öz üzərinə götürərək parçalanmış cəmiyyəti toparlamağı, ölkədə həmrəylik mühiti yaratmağı, resursları düzgün istiqamətləndirməyi bacardı. O, ilk növbədə gündən-günə genişlənməkdə olan işğalın qarşısını almağa, atəşkəsə nail olmağa, dağıdıcı müharibəni dayandırmağa nail oldu. Bu isə ölkəmizə nəfəsini dərmək, özünü toparlamaq, nizami ordu quruculuğuna başlamaq, iqtisadi problemləri çözmək, siyasi sabitlik yaratmaq imkanı verdi. Sabitlik şəraiti üçüncü respublikamızın dirçəlişi üçün etibarlı zəmin yaratdı, Azərbaycan geniş iqtisadi islahatlar yoluna qədəm qoydu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafına yol açmaqla bərabər, həm də siyasi müstəqilliyin möhkəmlənməsini, geosiyasi mövqelərimizin güclənməsini təmin etdi.
Beləliklə, biz ölkəni necə böhrandan çıxarmağın Heydər Əliyev yolunun, Heydər Əliyev modelinin şahidlərinə çevrildik. Heydər Əliyev dövlətçiliyimizin ən keşməkeşli məqamında tarix səhnəsinə çıxmaqla Azərbaycan üzərində qurulan bütün məkrli oyunları darmadağın etdi. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və onun beynəlxalq arenada mövqelərinin gücləndirilməsi Ulu Öndərin xalqımıza ən böyük xidməti oldu. Onun formalaşdırdığı Azərbaycançılıq ideologiyası milli birliyi və həmrəyliyi təmin etməklə müstəqilliyimizin qorunub saxlanılmasında həlledici rol oynadı. Heydər Əliyev özünün də dediyi kimi, həyatının qalan hissəsini də xalqımıza xidmətə həsr edərək müstəqil Azərbaycanın böyük Xilaskarı kimi adını tarixə yazdırdı.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Избранный
19
1
newscenter.az

2Источники