Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan Azərbaycanın baş naziri müavini ilə neft və neft məhsullarının Ermənistana ixracı məsələsini müzakirə etdiyini təsdiqləyib. O, bunu “Azadlıq Radiosu”nun erməni xidmətinə müsahibəsində bildirib.
Sualı cavablandırarkən Qriqoryan qeyd edib: “Bəli, danışıqlar aparılıb və əməkdaşlıq üçün imkanlar mövcuddur”. O vurğulayıb ki, növbəti addımlar özəl ixracatçı və idxalçı şirkətlər vasitəsilə həyata keçiriləcək və mümkün razılaşmaların şərtləri bazar prinsiplərinə uyğun olacaq.
Baş nazirin müavini konkret hansı şirkətlərin alış etmək niyyətində olduğunu, həcmləri və qiymətləri açıqlamayıb. Onun sözlərinə görə, bütün bu məsələlər kommersiya əməkdaşlığı çərçivəsində müəyyən ediləcək.
Qriqoryan əlavə edib ki, danışıqlar ölkələr arasında qarşılıqlı ticarətin digər sahələrini də əhatə edir, lakin detallar hələ açıqlanmır.