Ramiz Mehdiyevin bioqrafiyasını nəzər salanda məlum olur ki, o, 1978-1980-ci illərdə Azərbaycan Kommunist Partiyasının 26 Bakı Komissarı rayon komitəsinin (indiki Səbail rayonu) birinci katibi təyin edilib. O, bu vəzifədə Həsən Həsənovu əvəz edib. Həsənovdan təhvil aldığı kürsüdə iki il əyləşəndən sonra başqa işə keçməsi ilə əlaqədar olaraq vəzifəsindən azad edilib. Məlumatlara görə, Ramiz Mehdiyevlə Həsən Həsənovun münasibəti həmişə soyuq olub. Bu soyuqluq müstəqillik illərində də davam edib. 1995-ci ildə Prezident Administrasiyasının rəhbəri təyin olunan "boz kardinal"in ilk işi köhnə düşmənlərindən qisas almaq olub. Həsən Həsənovun 1998-ci ildə xarici işlər naziri vəzifəsindən azad edilməsində Ramiz Mehdiyevin xüsusi rol oynadığı bildirilir. Keçmiş baş nazir sırf Ramiz Mehdiyevlə konflikti üzündən ömrünün 17 ilini "məxməri sürgün"də keçirib. O, ancaq Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad olunandan sonra Azərbaycana dönə bilib. Nazim Hüseynzadə / Metbuat.az