RU

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı müsahibəsi

 Dünyaşöhrətli ictimai-siyasi xadim, xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının yaddaşında daim yaşayacaqdır. Dahi şəxsiyyətin anım günü xalqımız üçün tarixi yaddaşın yenilənməsi və gələcək nəsillərə örnək olan əqidə, sədaqət, ləyaqət və mübarizlik kimi ali dəyərlərin bir daha xatırlanması deməkdir.

Heydər Əliyevin rəhbərliyi dövründə insan hüquqlarının qorunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilmişdir. Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan 48 maddədən ibarət III fəslinin bütün mətni insana, insan ləyaqətinə, insan hüquqlarına hörmət ruhunda yazılıb. Ona görə də bəşər sivilizasiyasının iki mütərəqqi ideyasının - konstitusionalizm və insan hüquqlarının müdafiəsi ideyalarının üzvi bağlılığı Azərbaycan Respublikasının Konstitusiyasında özünün layiqli ifadəsini tapıb. Ölüm cəzasının ləğv edilməsi, insan ləyaqətinin toxunulmazlığı və hər kəsin bərabər hüquqlara malik olması kimi fundamental prinsiplərin təsbit olunması Ulu Öndərin hüquq dövlətinin qurulmasına verdiyi misilsiz töhfələrin bariz nümunəsidir.

Böyük təşəkkür hissi ilə vurğulamaq istərdim ki, Ombudsman təsisatının yaradılması bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin qanunvericilik təşəbbüsü ilə 2001-ci ildə Ombudsman haqqında Konstitusiya Qanunu qəbul olunub, 2002-ci ildə həmin Qanunun tətbiqi barədə Fərman imzalanıb. Beləliklə ölkəmizdə yeni məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının səmərəli fəaliyyəti üçün hüquqi və maddi-texniki baza yaradılıb.

Ümummilli Liderin həyat yolu mübarizlik, prinsipiallıq və tarixi məsuliyyəti ləyaqətlə daşımağın nə demək olduğunu öyrədir. Bu dəyərlərin formalaşmasında ailə mühitinin, xüsusilə böyüdüyü evin təsirini hər bir insan öz həyatında hiss edir.

Ömrü boyu Heydər Əliyev şəxsiyyətinə sədaqətli olmuş insanların yetişdiyi evdə böyümək bu adın məsuliyyətini və müqəddəsliyini daha dərindən duymağa vadar edir. Belə bir mühitdə yetişmək Ulu Öndərin adını sadəcə eşitmək yox, onun dəyərlərini qəlbimizdə daşımaq, işində və həyat fəlsəfəsində yaşatmaq deməkdir.

Bu gün Ombudsman təsisatı olaraq biz də Ümummilli Liderin yaratdığı demokratik ənənələri, insan hüquq və azadlıqlarının təmininə dair irəli sürdüyü strateji xətti davam etdirməyi özümüz üçün şərəfli vəzifə hesab edirik.


Избранный
34
azia.az

1Источники