RU

Biz KİMİK- Satılan, yoxsa seçən?

İllər əvvəl şəhərdə bir iş adamı tərəfindən özəl kitabxana açılmışdı. O zaman mənimlə əlaqə saxladı və görüşüb əməkdaşlıq barədə söhbət etdik. Razılaşmamıza əsasən, kitabxanada satılan kitablardan əldə olunan gəlir ona qalırdı. Mən isə kitabxananın sosial şəbəkələrdə (Facebook, Instagram, Tiktok, YouTube) tanıdılması ilə məşğul olmalı, videoçarxlar hazırlamalı idim. Həmin videoçarxlardan əldə olunan gəlir isə mənə məxsus idi. Bu əməkdaşlıq təxminən üç il davam etdi. Bu müddət ərzində çəkdiyim videoçarxlar sayəsində kitabxanaya maraq xeyli artdı. Sosial şəbəkələrdə izləyici sayı gündən-günə yüksəldi, eyni zamanda kitab satışları da əla səviyyəyə çatdı. İnsanlarda kitaba, kitab oxumağa real maraq formalaşdı. Lakin zaman keçdikcə sosial şəbəkələrdən əldə olunan gəlirin artdığını görən kitabxana sahibi razılaşmanın şərtlərini dəyişmək istədi. Bildirdi ki, bundan sonra sosial şəbəkələrdən gələn bütün gəlir ona verilməlidir, mənə isə aylıq 1.500 AZN maaş təklif etdi. Mən bu təklifi qəbul etmədim. Nəticədə altı ay əvvəl əməkdaşlığımız sona çatdı.
Bu gün isə həmin kitabxananın sahibi yenidən mənə zəng edərək iş birliyini bərpa etmək istədiyini bildirdi. Lakin bu dəfə cavabım qəti oldu — YOX. Çünki pul hərisliyi insanın gözünü kor edə bilər, amma mən dəyərimi və zəhmətimin haqqını ucuzlaşdıra bilmərəm.
Tarix boyu insanı sınağa çəkən iki əsas qüvvə olub: güc və pul. Qılıncın hökm sürdüyü dövrlərdə güc ön planda idi, amma qılınclar paslandı, imperiyalar dağıldı. Pul isə formasını dəyişsə də, mahiyyətini qorudu. Bu gün o, kağız deyil, rəqəmdir; amma insanın ruhuna təsiri min il əvvəlki qədər amansızdır. Fəlsəfədə belə bir fikir var: insan dəyəri ilə yox, dəyərsizliyi ilə ölçülür. Çünki insanın nədən imtina etdiyi, nəyə “yox” dediyi onun kimliyini açır. Pulun çoxaldığı yerdə imtina etmək çətinləşir. Çünki bolluq insanı rahatladır, rahatlıq isə çox zaman vicdanı yuxuya verir. Psixologiya bizə maraqlı bir həqiqəti göstərir: insan qazandıqca yox, itirəcəyindən qorxduqca acgözləşir. Acgözlük ehtiyacdan doğmur, qorxudan doğur. İnsan paylaşmaqdan imtina edəndə, əslində qarşısındakını deyil, gələcəyini qoruyur. Amma qorxu ilə qurulan münasibətlərin ömrü uzun olmur. Çünki qorxu etimadı, etimad isə əməkdaşlığı öldürür. Orta əsrlərdə bir çox hökmdarlar özlərinə sədaqətli alimləri, sənətkarları, filosofları qorumaq əvəzinə onları sarayın xidmətçisinə çevirmək istədilər. Nəticədə nə oldu? O saraylar qaldı, amma adları tarixdə qaranlıq səhifə kimi yazıldı. Əksinə, elmə, sözə, ideyaya hörmət edən hökmdarların adı bu gün də yaşayır. Çünki dəyərə hörmət edənlər zamanın fövqündə qalır. Qurani-Kərimdə malın və sərvətin imtahan olduğu dəfələrlə vurğulanır. Maraqlı cəhət budur ki, din pulu lənətləmir, pula bağlanmağı lənətləyir. “Mal sizi azdırmasın” xəbərdarlığı məhz buna görədir. Çünki insan malın sahibi olduğunu unudub, özünü onun qulluqçusuna çevirdiyi anda mənəvi azadlığını itirir. Hz. Əlinin (ə) məşhur bir sözü var: “İnsanlar dəyərinə görə yox, qiymətinə görə qiymətləndirilməyə başlayanda cəmiyyət çürüyür.” Bu təkcə dini deyil, dərin sosioloji həqiqətdir. Çünki qiymət bazarın, dəyər isə vicdanın ölçüsüdür. Bazarda hər şey satılar, amma vicdan satıldıqdan sonra alınmaz. Psixoloji baxımdan isə insanın öz dəyərini ucuzlaşdırması travmatik nəticələr doğurur. İnsan bir dəfə öz zəhmətini, düşüncəsini, yaradıcılığını kiçik bir rəqəmə dəyişəndə, içində səssiz bir dağılma başlayır. Bu dağılma dərhal hiss olunmur. Amma zamanla özünə inam azalır, yaradıcılıq ölür, insan “niyə yaşayıram?” sualı ilə üz-üzə qalır. Fəlsəfə deyir ki, insan yalnız çörək üçün yaşamır. Əgər insan yalnız dolanışıq naminə yaşayırsa, o zaman onu heyvandan ayıran nə qalır? Aristotel insanı “məqsədli varlıq” adlandırırdı. Məqsədi olan insan isə yalnız qazancı deyil, mənanı da düşünür. Mənasız qazanc isə ruhu doyurmur. Tarixdə çox maraqlı fakt var: bir çox böyük sənətkar və mütəfəkkir maddi cəhətdən çətin həyat yaşasa da, prinsipindən imtina etmədi. Onlar bilirdilər ki, insanın qiyməti bazarda müəyyənləşər, amma dəyəri zamanla. Zaman isə yalnız möhkəm dayananları xatırlayır. Bəzən insanlar geri qayıdır. Çünki dəyərin yoxluğu boşluq yaradır. Amma insanın böyüklüyü başqasının peşmanlığında yox, öz mövqeyində ölçülür. Əgər bir insan bir dəfə öz dəyərini qoruyubsa, ikinci dəfə güzəştə getməsi artıq mümkün deyil. Çünki dəyər qorunduqca möhkəmlənir.
Bu yazım kiməsə qarşı ittiham deyil.
Bu yazım insanın özünə verdiyi sualdır:
Mən kiməm? Satılanam, yoxsa seçən?
Çünki hər kəsin həyatında elə bir məqam gəlir ki, orada pul ilə prinsip üz-üzə dayanır. O məqamda verilən qərar insanın taleyini yox, şəxsiyyətini müəyyən edir. Pul çox şeyi ala bilər. Amma insanın özünə hörmətini ala bilməz əgər insan onu satmırsa.
Избранный
97
news365.az

1Источники