RU

Şərqşünaslıq İnstitutu Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş kitab nəşr etdirib

Bakı, 16 dekabr, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Vətəndən Vətənə məktublar” adlı kitab nəşr etdirib. Kitabın tərtibçisi, müqəddimənin və transliterasiyaların müəllifi institutun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Rzayevadır. Elmi məsləhətçi akademik Gövhər Baxşəliyevadır.

Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, kitabda şairin poetik və publisistik irsi Vətən, milli kimlik, dil, tarixi yaddaş məsələlərinin qabardılması fonunda milli müqavimət düşüncəsinin bədii ifadəsi kimi təhlil olunur.

“Müqəddimə” bölməsində istiqlal şairinin Güney Azərbaycanla mənəvi, ideoloji və tarixi bağları, bu bağların qorunması naminə apardığı prinsipial mücadilə, dönməz mübarizədən söz açılır.

“Gülüstandan İstiqlala 40 il uzunluğunda yol” bölməsi ölməz sənətkarın yaradıcılığında milli azadlıq ideyalarının poetik təzahürlərini, həmçinin bu mövqeyin onun həyatında doğurduğu çətinlikləri analitik şəkildə sərgiləyir. Bölmədə şairin ideoloji təzyiqlərə baxmayaraq əqidəsindən dönməməsi, mübarizəsindən geri çəkilməməsi faktoloji materiallarla əsaslandırılır.

“Vətəndən Vətənə məktublar” bölməsində isə güneyli soydaşlarımız tərəfindən şairə ünvanlanan sevgi dolu məktublar ayrılığa, nisgilə məhkum qardaşlar arasında mənəvi-mədəni əlaqələrin sənədli təcəssümü kimi dəyərləndirilir. Bu məktubların transliterasiyaları onların bütün oxucu kütlələri üçün əlçatanlığını təmin edir.

Kitabın sonuncu bölməsi “Bəxtiyar Vahabzadənin ev-muzeyinin qonaqları”na həsr edilib.

Nəşrdə yer alan fotolar mətnin ideya-estetik təsirini gücləndirməklə vizual mənbə funksiyası daşıyır.

Qeyd olunmalıdır ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşr Bəxtiyar Vahabzadə poetik irsini milli ideologiya, milli birlik, tarixi yaddaş və ədəbi irs prizmasından fərqli aspektdə tədqiq edən dəyərli mənbədir.

 

Избранный
132
azertag.az

1Источники