Ağcabədi rayonunda maraqlı bir “aqrar hüquq” nümunəsi yaşanır...
Bu haqda Musavat.com-a Xocavənddən məcburi köçkün düşmüş Əbülfət Hüseynov məlumat verib. Deyir ki, 40 ilə yaxın qanuni istifadə etdiyi örüş sahəsi onun əlindən alınır. Guya örüşü əkməsi əsas gətirilərək onun heyvanlarını ac qoymaq istəyirlər. Əbülfət Hüseynovun sözlərinə görə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Toğrul Bünyadovun birbaşa iştirakı ilə “kommersant” İqbal Abdullayev kotanlı traktorla örüş sahəsinə çıxıb. Və örüş sahəsinin 2 hektarına qədəri əkilir.
Belə çıxır ki, örüşü məcburi köçkün əkəndə qanunsuzdur, amma icra hakimiyyətinin dəstəklədiyi kommersant İqbal Abdullayev əkəndə qanuni?
Əbülfət Hüseynovun sözlərinə görə 2024-cü ildə İcra Hakimiyyəti ona torpağın bir hissəsində pambıq əkməsini tapşırıb. Əgər örüşdə əkin aparmaq qanunsuz idisə, Kənd Təsərrüffatı Nazirliyinin elektron sistemində necə qeydiyyata alınıb, İcra Hakimiyyəti həmin vaxt buna niyə susub? Örüş torpağını əkmək qadağandırsa, bunu edən icra hakimiyyətinin nümayəndəsi hansı maddə ilə məsuliyyətə cəlb olunacaq? Yox əgər qadağan deyilsə, onda Əbülfət Hüseynovun torpağı niyə əlindən alınır? Heyvandarlıqla məşğul olan kəndlinin, yoxsa 1 keçisi belə olmayan “kommersant”ın?
Əbülfət Hüseynov deyir ki, məsələ ilə bağlı məhkəməyə müraciət edib və məhkəmə Ağcabədi Rayon İcra Hakimiyyətinin bu torpaq sahəsinə müdaxiləsini qadağan edən qərar çıxarıb. Qərar qanuni qüvvəyə minib. Amma görünən odur ki, məhkəmə qərarı İqbal Abdullayevə maneə deyil. Ağcabədi İcra Hakimiyyəti, İqbal Abdullayev Azərbaycan məhkəməsinin qərarını sadəcə saymırlar. Bu ölkədə məhkəmə qərarları torpaqda şumla birlikdə basdırılır, yoxsa sadəcə bəzi məmurlar üçün kağız parçasıdır?
Əbülfət Hüseynov yuxarı instansiyalardan, ölkə rəhbərliyindən kömək istəyir.
Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.