RU

Memar: Azərbaycanda şəhərsalma daha çox sürətli tikinti üzərində qurulub

Bakı,16 dekabr, AZƏRTAC

Müasir şəhərsalmada əsas prioritet insan mərkəzli yanaşma və dayanıqlı inkişafdır.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı memar Aysel Hüseynova deyib.

Onun sözlərinə görə, uğurlu şəhərlər ilk növbədə ictimai məkanların keyfiyyətinə, piyada yönümlü planlamaya və ekoloji balansın qorunmasına üstünlük verir.

“Məsələn, Kopenhagen şəhərində velosiped infrastrukturu və ictimai məkanlar şəhər həyatının ayrılmaz hissəsinə çevrilib, Parisdə isə “15 dəqiqəlik şəhər” modeli sakinlərin gündəlik ehtiyaclarını avtomobilsiz qarşılamağa imkan yaradır. Eyni zamanda, Sinqapur nümunəsində görürük ki, sıx urbanizasiya şəraitində belə, yaşıl infrastruktur memarlıq və şəhərsalmanın əsas komponentinə çevrilə bilər. Bu şəhərlərdə tətbiq olunan yanaşmalar şəhərin həm ekoloji dayanıqlığını, həm də sosial həyatını gücləndirir. Azərbaycan reallığında isə bir müddətdir ki, şəhərsalma daha çox sürətli tikinti üzərində qurulub. Xüsusilə Bakı şəhərində ictimai məkanların məhdudluğu, tarixi mühitlə yeni tikililər arasında harmoniyanın bir qədər zəifliyi hiss olunur. Bununla yanaşı, son illərdə Dənizkənarı bulvarın genişləndirilməsi və bəzi ictimai məkan layihələri şəhər mühitinin insanla əlaqəsini gücləndirmək baxımından müsbət addımlar kimi dəyərləndirilə bilər”, - deyə memar əlavə edib.

Aysel Hüseynova işğaldan azad edilmiş ərazilərin bərpasının Azərbaycan üçün unikal bir imkan yaratdığını vurğulayıb. Onun sözlərinə görə, bölgədə dünya təcrübəsindən – dayanıqlı planlama, yaşıl şəhər konsepsiyaları, ağıllı infrastruktur həllərindən istifadə edilir: “Buna görə memarların bilik və təcrübəsi həlledici rol oynayır. Bu prosesdə biz memarların üzərinə düşən vəzifə qlobal tendensiyaları yerli kontekstə uyğunlaşdırmaq, şəhərin kimliyini qorumaq və ictimai maraqları müdafiə etməkdir. Müasir Azərbaycan memarı dünya təcrübəsini öyrənməklə yanaşı, həm də öz torpağının yaddaşını dərk edərək şəhərlərin uzunmüddətli inkişafına töhfə verməlidir.

Избранный
125
azertag.az

1Источники