Bakı, 16 dekabr, AZƏRTAC
Milli Məclis, Ombudsman (İnsan hüquqları üzrə müvəkkil) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, “Nar”ın maliyyə dəstəyi ilə icra edilən “Hüquqlarınla parla!” layihəsi çərçivəsində həssas kateqoriyadan olan ümumilikdə 96 uşaq üçün “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzində maarifləndirici təlim təşkil olunub.
Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.
Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı təlimçi qismində çıxış edərək BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının əsas prinsipləri, mövcud müdafiə mexanizmləri və onlara əlçatımlılıq, zorakılıq, xüsusilə kiberzorakılıq və onun digər formaları barədə iştirakçılara məlumat verib. Çıxış zamanı erkən evlilik, məcburi əmək və digər hüquq pozuntularının mahiyyəti, onun hüquqi nəticələri, həmçinin uşaq hüquqlarının müdafiəsi sahəsində ombudsmanın səlahiyyətləri, həyata keçirdiyi fəaliyyət, müvəkkilə müraciət imkanları barədə məlumatlar uşaqların diqqətinə çatdırılıb.
Bir sıra dövlət və əlaqədar qurumların nümayəndələrinin təlimçi qismində çıxış etdiyi interaktiv təlimin sonunda uşaqların bilikləri qiymətləndirilib. Nəticələrə uyğun olaraq iştirakçıların sertifikatla mükafatlandırılması nəzərdə tutulur.