RU

Alimlər beyni cavanlaşdıran dörd əsas amili müəyyənləşdirdi

ABŞ-ın Florida Universitetinin alimləri müsbət psixoloji və davranış vərdişlərinin kombinasiyasının beynin yaşlanma prosesini əhəmiyyətli dərəcədə ləngidə bildiyini müəyyən ediblər.

Editor.az Daily Mail-ə istinadla xəbər verir ki, tədqiqat nəticələri göstərib ki, nikbin dünyagörüşünə malik olan, keyfiyyətli və dərin yuxu alan, streslə mübarizə bacarığı yüksək olan və güclü sosial dəstəyə sahib şəxslərin beyni MRT müayinələrində real yaşlarından orta hesabla səkkiz il daha gənc görünür.

Araşdırma iki il ərzində aparılıb və dörd qitədən olan 128 orta yaşlı və yaşlı insanı əhatə edib. İştirakçıların təxminən 70 faizini qadınlar təşkil edib. Onların əksəriyyəti xroniki diz osteoartriti ağrısından əziyyət çəkib və ya bu xəstəliyin risk qrupunda olub.

Alimlər müasir MRT texnologiyaları və maşın öyrənməsi metodlarından istifadə edərək iştirakçıların “beyin yaşını” hesablayıb və bu göstəricini onların faktiki yaşı ilə müqayisə ediblər.

Məlum olub ki, ən güclü “cavanlaşdırıcı” təsir psixoloji rifah və sağlam həyat tərzi amillərinin birlikdə mövcud olduğu şəxslərdə müşahidə edilib. Eyni zamanda, xroniki ağrı, aşağı gəlir səviyyəsi, zəif təhsil göstəriciləri və sosial dezavantajlar beynin daha “yaşlı” tipdə olmasına səbəb olan əsas faktorlar kimi qiymətləndirilib.

Tədqiqatçılar qeyd ediblər ki, mənfi amillərin təsiri zaman keçdikcə azalır, müsbət vərdişlərin faydası isə daha uzunmüddətli və nəzərəçarpan olur.

Bundan əlavə, siqaretdən imtina etmək və sağlam bədən çəkisini qorumaq da beyin sağlamlığını dəstəkləyən mühüm əlavə vərdişlər kimi müəyyən edilib.

Florida Universitetinin dosenti və tədqiqatın rəhbəri Kimberli Sibill bu barədə danışarkən bildirib:

“Araşdırmamız göstərir ki, sağlamlığı dəstəkləyən davranışlar təkcə ağrıları azaltmır və fiziki vəziyyəti yaxşılaşdırmır, eyni zamanda beynin sağlamlığına da uzunmüddətli və müsbət təsir göstərir”.

//Gülnarə Abasova, Editor.az

Избранный
136
editor.az

1Источники