RU

Qalib dövlətin hüquqi iradəsi: müasir Azərbaycanda amnistiya siyasəti



Müasir Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, möhtəşəm əzmi və xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövləti qurulmuş və elə həmin dövrlərdən regionda gücünü bəyan etmişdir. Məhz Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitutsiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Bu möhkəm və sarsılmaz təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğur və qətiyyətlə davam etdirilir.

Cənab Prezidentin siyasi fəaliyyətinin əsasını insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri tutur. Təsadüfi deyil ki, bu humanist yanaşmanın nəticəsində ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.

Suverenliyimizin tam bərpa olunmasını, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində təmin edilməsini xalqımızın ən böyük tarixi nailiyyəti kimi dəyərləndirərək, humanizm və mərhəmət prinsiplərinə sadiqliyini nümayiş etdirərək, cəzadan azad etmənin tərbiyəvi və islah edici roluna inanaraq, azadlığa buraxılacaq şəxslərin gələcəkdə qanunlara vicdanla riayət edəcəklərinə və dövlətimizin inkişafına faydalı töhfələr verəcəklərinə ümid bəsləyərək, Prezident İlham Əliyev 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi ilə bağlı təşəbbüs irəli sürmüşdür.

Amnistiya aktının layihəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi naminə aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslərə, həmçinin həmin əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarına, Ermənistan Respublikasının mülki əhaliyə qarşı törətdiyi hərbi təxribatlar nəticəsində əlillik almış şəxslərə şamil olunan azadolmalar nəzərdə tutulur. Layihə eyni zamanda qadınlara, 60 yaşını tamamlamış şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və digər müəyyən kateqoriyalara aid şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsini ehtiva edir. Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən, az ağır və ya ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrum edilmiş bəzi şəxslərin cəzadan azad olunması və ya cəzalarının çəkilməmiş hissəsinin azaldılması da layihədə əksini tapmışdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən bu amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad olunacaq məhkumların sayına görə ölkə tarixində ən genişmiqyaslı amnistiya kimi qiymətləndirilir. Gözləntilərə əsasən, amnistiya ümumilikdə 20 mindən artıq şəxsi əhatə edəcək. Onlardan 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından tam azad ediləcəyi, bu cəzaya məhkum edilmiş 3 mindən artıq şəxsin cəza müddətinin azaldılacağı, 7 mindən çox şəxsin azadlığın məhdudlaşdırılması cəzasından, təxminən 4 min məhkumun azadlıqdan məhrum etmə ilə əlaqəli olmayan digər və ya şərti tətbiq edilmiş cəzalardan azad ediləcəyi, eyni zamanda mindən artıq şəxsin cinayət məsuliyyətindən azad olunacağı proqnozlaşdırılır.

Beləliklə, irəli sürülən amnistiya təşəbbüsü müasir Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində humanizm, sosial ədalət və hüququn aliliyinin real təzahürü kimi çıxış edir. Bu addım bir tərəfdən dövlətin gücünü və suverenliyini tam bərpa etmiş qalib ölkə kimi özünəinamını nümayiş etdirirsə, digər tərəfdən cəmiyyətin sosial harmoniyasının möhkəmləndirilməsinə, fərdlərin yenidən cəmiyyətə inteqrasiyasına və hüquq normalarına hörmətin artırılmasına xidmət edir. Amnistiya aktı cinayət-hüquq siyasətində cəzanın yalnız repressiv deyil, eyni zamanda tərbiyəvi və islah edici mahiyyət daşıdığını bir daha təsdiqləyir. Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı amnistiya aktı dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsinə, ictimai sabitliyin qorunmasına və hüquqi dövlət prinsiplərinin praktik müstəvidə daha da dərinləşməsinə mühüm töhfə verən strateji əhəmiyyətli qərar kimi qiymətləndirilməlidir.

İsa Səttarov,
Nəsimi rayon gənci, Azərbaycan Texniki Universitetinin I kurs magistr tələbəsi, Yeni Azərbaycan Partiyasının üzvü.




Избранный
25
aia.az

1Источники