RU

Daha bir DƏHŞƏTLİ VİRUS qapıda: Azərbaycanı nə gözləyir?

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun son açıqlamaları dünya üzrə səhiyyə mütəxəssislərinin diqqətini yenidən mövsümi qrip təhlükəsinə yönəldib. O bildirib ki, hazırda qlobal miqyasda qripə yoluxma göstəriciləri kritik səviyyədə olmasa da, avqust ayından etibarən bir sıra ölkələrdə H3N2 qrip virusunun “K alt xətti” kimi tanınan yeni variantında nəzərəçarpacaq artım qeydə alınıb.

Qebreyesusun sözlərinə görə, mövcud statistik məlumatlar xəstəliyin daha ağır keçdiyini göstərmir, lakin virusun bu formasında mühüm genetik dəyişikliklərin baş verdiyi müşahidə olunur.

Mövzu ilə bağlı infeksionist-həkim, tibb elmləri doktoru Vasif Quliyev NOCOMMENT.az-a açıqlama verib.

Onun sözlərinə görə, H3N2 qrip virusu əvvəllər də geniş yayılıb, lakin mutasiyaya uğramış alt növlərin ortaya çıxması epidemioloji riskləri artırır.

Həkim bildirib ki, virusun genetik dəyişməsi onun daha sürətli yayılmasına və immun sistemdən yayınma qabiliyyətinin artmasına səbəb ola bilər:

“Hazırkı mərhələdə panikaya əsas yoxdur, amma ehtiyatlı olmaq vacibdir.

Xüsusilə yaşlı insanlar, xroniki xəstəlikləri olanlar, hamilə qadınlar və tibb işçiləri üçün qrip peyvəndi olduqca önəmlidir.

“Peyvənd təkcə yoluxmanın qarşısını almaq üçün deyil, eyni zamanda xəstəliyin ağırlaşma riskini azaltmaq baxımından da mühüm rol oynayır”.

Həkim əlavə edib ki, mövsümi qrip çox vaxt ciddiyə alınmır, lakin H3N2 kimi virus növləri ağır fəsadlara, o cümlədən pnevmoniya və ürək-damar problemlərinə səbəb ola bilər:

“Buna görə də əhalinin vaxtında peyvənd olunması, gigiyena qaydalarına riayət edilməsi və qripə bənzər simptomlar zamanı həkimə müraciət edilməsi tövsiyə olunur”.

Vasif Quliyevin fikrincə, ÜST-ün xəbərdarlığı bir daha göstərir ki, viruslar daim dəyişir və səhiyyə sistemləri bu dəyişikliklərə hazır olmalıdır. Onun sözlərinə görə, maarifləndirmə və profilaktik tədbirlər gələcəkdə daha böyük sağlamlıq problemlərinin qarşısını almağın əsas yoludur.

Избранный
107
nocomment.az

1Источники