RU

Əfv Komissiyasının üzvü: Prezidentin amnistiya təşəbbüsü müasir tariximizdə misli görünməmiş əlamətdar hadisədir

Bakı, 19 dekabr, Elmir Səftərov, AZƏRTAC

Müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiyanın 30 illiyi, Vətən müharibəsində qazandığımız tarixi Zəfərin 5-ci ildönümü, ölkəmizin suverenliyinin tam bərpa olunması və “Konstitusiya və Suverenlik İli” münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən amnistiya təşəbbüsünün irəli sürülməsi müasir tariximizdə misli görünməmiş əlamətdar hadisədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü Azay Quliyev söyləyib.

O deyib: “Bu təşəbbüsün misli görünməmiş tarixi hadisə kimi qiymətləndirilməsinin əsas səbəbi ondan ibarətdir ki, sözügedən amnistiya əvvəlki illərdə qəbul edilmiş 11 amnistiya aktından iki fundamental cəhətinə görə köklü şəkildə fərqlənir.

Birincisi, bu amnistiya 2023-cü ildə Qarabağda separatizmə birdəfəlik son qoyulmasından, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsindən sonra irəli sürülmüş ilk təşəbbüsdür. Bu fakt onun siyasi, hüquqi və mənəvi baxımdan xüsusi əhəmiyyətini daha da artırır.

İkincisi, amnistiyanın tətbiq ediləcəyi şəxslərin dairəsi və sayı əvvəlkilərlə müqayisədə xeyli genişdir. Belə ki, Amnistiya Qərarı 16 kateqoriya üzrə şəxslərə, habelə 13 müxtəlif cəza növü üzrə cinayət törətmiş və ya qanun pozuntusuna yol vermiş vətəndaşlara şamil ediləcək. Ümumilikdə isə təxminən 20 minə yaxın vətəndaş dövlətimizin bu humanist siyasətindən birbaşa faydalana biləcək. Bu qərarın təsir dairəsini daha geniş miqyasda qiymətləndirdikdə həmin şəxslərin ailə üzvləri və yaxınları da nəzərə alınmaqla, bu təşəbbüsün ən azı 200 min insana sevinc bəxş edəcəyi, azadlığa çıxanların ailələri ilə yenidən qovuşmasına və cəmiyyətə sağlam inteqrasiyasına imkan yaradacağı aydın görünür”.

Deputatın sözlərinə görə, amnistiya qərarından, ilk növbədə, Birinci və İkinci Qarabağ müharibələrinin, habelə 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərinin iştirakçılarının, şəhid ailələri və xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının faydalanacağı təqdirəlayiq haldır. Bu fakt bir daha təsdiq edir ki, Azərbaycan dövləti torpaqlarımızın azadlığı və suverenliyimizin təmin olunması uğrunda vuruşmuş, canlarını fəda etmiş qəhrəman övladlarını və onların ailələrini heç vaxt unutmur.

Bununla yanaşı, Ermənistandan deportasiya edilmiş soydaşlarımız, keçmiş məcburi köçkünlər, 20 Yanvar faciəsi və Xocalı soyqırımı nəticəsində əlil olmuş şəxslər, həlak olmuş və ya itkin düşmüş vətəndaşların yaxın qohumları da amnistiyanın tətbiqi dairəsinə daxil edilib. Eyni zamanda, sosial həssas kateqoriyalara xüsusi diqqət yetirilib. Belə ki, qadınlar, 18 yaşına çatmamış yeniyetmələr, 60 yaşını tamam etmiş yaşlı şəxslər, əlilliyi olan vətəndaşlar, habelə öhdəsində azyaşlı uşaqları olan şəxslər də Prezident İlham Əliyevin humanist təşəbbüsündən faydalanmaq imkanı əldə ediblər.

A.Quliyev əlavə edib ki, Amnistiya qərarı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş, azadlığın məhdudlaşdırılması, hərbi xidmət üzrə məhdudlaşdırma, islah işləri, ictimai işlər cəzasına, eləcə də azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş şəxslərə də şamil ediləcək: “Lakin doğru olaraq ağır və xüsusilə ağır cinayətlər törətmiş, dövlətə xəyanət etmiş, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd etmiş, insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı və müharibə cinayətləri törətmiş, eləcə də cəmiyyət üçün ciddi ictimai təhlükə yaradan şəxslərə bu amnistiya tətbiq edilməyəcək. Qərar layihəsinin 6-cı və 7-ci maddələri amnistiyanın tətbiqinə məhdudiyyət qoyulan şəxslərin dairəsini dəqiq və hüquqi baxımdan aydın şəkildə müəyyən edir. Vətən müharibəsində möhtəşəm Zəfər qazanmış, suverenliyini və ərazi bütövlüyünü öz gücü ilə bərpa etmiş Azərbaycanda Prezident İlham Əliyevin bu təşəbbüsü xalq–dövlət birliyini, hakimiyyətlə vətəndaş arasında etimadı, ictimai barışı və sosial harmoniyanı daha da möhkəmləndirir, humanizm və mərhəmət ənənələrini yaşadır. Bu qərar hər bir vətəndaşa bir daha əminlik verir ki, harada olmasından və hansı çətin vəziyyətlə üzləşməsindən asılı olmayaraq, Azərbaycan dövləti onun yanındadır. Dövlət səhv etmiş, qanunu pozmuş, cinayət törətmiş vətəndaşının islah olunmasına, cəmiyyətə yenidən qazandırılmasına və həyatında yeni səhifə açmasına imkan yaradır. Bu, eyni zamanda, dövlətin öz vətəndaşına olan güvəninin və humanist yanaşmasının göstəricisidir. Belə genişmiqyaslı amnistiya qərarını yalnız güclü dövlət və güclü Lider verə bilər. İctimai-siyasi sabitliyin tam təmin olunduğu, təhlükəsizliyin yüksək səviyyədə qorunduğu, kriminogen durumun nəzarət altında saxlanıldığı və özünə inamlı idarəetməyə malik olan dövlətlər bu cür addımlar atmaq iqtidarındadır”.

Əfv Komissiyasının üzvü ümid edərək bildirib ki, amnistiyadan faydalanan vətəndaşlar dövlətin bu humanist qərarından düzgün nəticə çıxaracaq, bir daha cinayət törətməyəcək, qanunlara hörmətlə yanaşacaq, məsuliyyətli vətəndaş kimi cəmiyyətin faydalı üzvlərinə çevriləcək, “bütün azərbaycanlıların Prezidenti olacağam” vədinə daim sadiq qalan dövlətimizin başçısının göstərdiyi yüksək etimadı və inamı öz davranışları ilə doğruldacaq, hər zaman dövlətinin yanında olacaqlar.

Избранный
53
azertag.az

1Источники