Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən, sabiq baş nazirin birinci müavini Abbas Abbasovun Rusiyadan ekstradisiyası gündəmdədir. Abbas Abbasov “Ramiz Mehdiyev işi”ndə əsas fiqurlardan biri hesab olunur. O, 2013-cü ildə yaradılan və dövlətçiliyə qarşı yönəlmiş “Milyarderlər İttifaqı” ssenarisinin aparıcı isimlərindən biri olub.
Musavat.com xəbər verir ki, Abbas Abbasov siyasi səhnədə görünməsə də, səhnə arxasında ən çox izi olan fiqurlardan biri kimi tanınıb. Azərbaycan dövlətçiliyinə qarşı hazırlanmış, lakin fiaskoya uğramış böyük siyasi layihənin əsas icraçılarından biri kimi diqqət çəkib. Bu gün “Ramiz Mehdiyev işi” ətrafında aparılan istintaq, əslində, həmin yarımçıq qalmış dosyenin davamıdır. Və bu dosyenin mərkəzində dayanan fiqurlardan biri də məhz Abbas Abbasovdur.

“Ramiz Mehdiyev işi” köhnə vassallıq əlaqələrinin, gizli planların və pərdəarxası razılaşmaların açıldığı mərhələyə keçib. Barəsində cinayət işi başlanıb axtarış elan edilən anda Abbas Abbasovun Türkiyədə olması və təcili şəkildə Rusiyaya qaçması artıq təkcə fakt deyil — bu, açıq panika etirafıdır. Abbas Abbasov Türkiyədə hüquqi prosedurların sürətli olması və İnterpol mexanizminin real işləməsi səbəbindən Moskvaya üz tutduğunu bu addımı ilə ortaya qoydu.
İndi əsas sual budur: Moskva onun gizlənməsinə şərait yaradacaq, yoxsa ekstradisiyasına qərar verəcək?
Uzun illər Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı vassalı rolunu oynayıb. “Dövlət Şurası” planı sadəcə ideya deyil, konstitusion quruluşa alternativ mərkəz yaratmaq cəhdi kimi qiymətləndirilir. Ən kritik detal isə budur ki, bu planın mahiyyəti, konturları və real niyyətləri gec də olsa, məhz Rusiya tərəfindən Azərbaycan tərəfinə açıqlanıb. Yəni Moskva bu planı əvvəldən bilirdi, risklərini görürdü və nəticədə onu Bakıya ötürdü.
Bu faktın özü göstərir ki, Rusiya artıq bu oyunda Ramiz Mehdiyevin tərəfində deyil.
Bəs Abbas Abbasov bu sxemdə kimdir?
O, planın müəllifi olmayıb. Amma mexanizmin işləməsi üçün vacib olan “vint” rolunu oynayıb. Siyasi maraqlar tələb etdikdə böyük dövlətlər məhz belə fiqurları qurban verirlər. Mexanizmin icraçısının təhvil verilməsi məsələsində Moskvanın maraqları Bakı ilə tam üst-üstə düşür.

Moskva nə qazanır?
İlk növbədə Azərbaycanla hüquqi-siyasi əməkdaşlıq mesajı verir. Riskli və problemli fiqurdan xilas olur. “Dövlət Şurası” kimi təhlükəli planla bağlı məsuliyyəti üzərindən atır. Belə bir vəziyyətdə Abbas Abbasovu qorumaq yox, onu təhvil vermək Rusiyanın dövlət maraqlarına daha çox cavab verir. “Rusiya verməz” nağılı da məhz burada bitir. Bu gün Azərbaycanla Rusiya arasında hüquqi yardım haqqında qüvvədə olan müqavilələr mövcuddur. Hər iki ölkə Avropa Ekstradisiya Konvensiyasına qoşulub. Presedentlər də kifayət qədərdir. 1994-cü ildə Rusiyaya qaçan Rəhim Qazıyev iki il sonra əli-qolu bağlı Azərbaycana təhvil verildi. Separatçılar Fəxrəddin Abbasov və Zahidəddin İbrahimov da Rusiyada oturaraq Azərbaycana qarşı fəaliyyət göstərirdilər. Nəticədə onların Rusiya vətəndaşlığı ləğv edildi və Azərbaycana ekstradisiya olundular. Bu faktlar göstərir ki, Moskva üçün əsas meyar şəxsi münasibətlər yox, strateji faydadır. Abbas Abbasov işində də Rusiyanın fayda götürmək istəyinin qarşısını alan ciddi maneə görünmür. Abbas Abbasov Türkiyədən qaçaraq Rusiyaya sığındığını düşündü. Amma reallıq fərqlidir. Rusiya onu bir siyasi qərarla təhvil verə bilər. Siyasi qərarların aqibəti isə adətən daha sərt olur. Bu səbəbdən artıq sual “Rusiya onu verəcəkmi”dən ibarət deyil, “Moskva Abbas Abbasovu nə vaxt istifadə müddəti bitmiş vint elan edəcək?” sualıdır. Çünki “Dövlət Şurası” planını ifşa edən, köhnə vassalı kənara çəkən Rusiya üçün Abbas Abbasov artıq hər hansı strateji dəyər daşımır. “Ramiz Mehdiyev işi” bir məmurun xəyanəti dosyesindən daha çox, illərlə qurulan paralel siyasi şəbəkənin ifşasıdır. Abbas Abbasovun mümkün ekstradisiyası da 2013-cü ildə Azərbaycanda baş vermiş proseslərin bütün mexanizmini açacaq.