RU

Azərbaycan dövlətinin nüvəsində dayanan amil vətəndaş, onun hüquq və azadlıqlarının ən üst səviyyədə təminatıdır - RƏY

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və 20 mindən çox şəxsə şamil ediləcək amnistiya aktı Azərbaycanın humanist dövlət siyasətinin növbəti bariz nümunəsidir. Bu addım qanunla yanaşı mərhəməti də əsas tutan bir yanaşmanın göstəricisidir. Cəza çəkən şəxslərin müəyyən hissəsinin azadlığa qovuşması, cəmiyyətə yenidən inteqrasiya imkanı qazanması və ailələrinə qovuşması Prezidentin həm sosial ədalətə, həm də insani dəyərlərə verdiyi önəmi bir daha nümayiş etdirir. Eyni zamanda bu akt müstəqil məhkəmə sisteminə və hüquq-mühafizə orqanlarına güvənin, qanunun aliliyinin qorunduğu bir çərçivədə həyata keçirilir ki, bu da dövlətin məsuliyyətli və diqqətli siyasətini əks etdirir. Amnistiya təkcə hüquqi qərar deyil, dövlətlə vətəndaş arasında inam körpüsüdür. Bu addım Prezident İlham Əliyevin insan amilinə, ailə dəyərlərinə və cəmiyyətin sağlamlaşmasına verdiyi önəmi bir daha sübut edir. Əsrlər boyu ədalətli cəmiyyətlərin əsas dayaqlarından biri həm hüququn tətbiqi, həm də mərhəmətin unudulmamasıdır. Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi və hüquqi islahatlarla yanaşı, insan amilini əsas götürən humanist yanaşma da dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və 20 mindən çox şəxsə şamil ediləcək amnistiya aktı Azərbaycan dövlətinin humanist dəyərlərə sadiqliyini, vətəndaşlara göstərilən etimad və diqqətin real təzahürünü ortaya qoyur. Bu mühüm qərar həm cəmiyyətə, həm ailələrə, həm də azadlığa qovuşacaq şəxslərə yeni bir fürsət təqdim edir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov deyib ki, dünyanın qloballaşma və transmilliləşmə, beynəlmiləlləşmə və submilliləşmə proseslərinə baxmayaraq, millətlər dünyası olaraq qaldığını nəzərə alsaq, davamlı dövlətçilik axtarışı son dərəcə vacibdir.

 

“Lakin dünyada elə millətlər və xalqlar var ki, bu axtarışlardan uzaq və azaddırlar, çünki onların dövlətçilik ənənələrinin kökü qədimdir. Bununla bərabər, dövlətçilik ənənələrinin özü də dayanıqlı inkişafı təmin edən amillərdən biri olduğundan bu, ətalətdən uzaq, daimi tərəqqi üzərində qurulmalıdır. Azərbaycan xalqı tarix boyu milli iradə göstəribsə, qədim idarəçilik təcrübəsinə malik olan dövlətimiz mütərəqqi amilləri də idarəçilik mexanizmində tətbiq etməyi bacarıb, ümumi, qlobal inkişafda axsamayıb, tam əksinə, öndə çıxış edib. İnsan hüquq və azadlıqları müasir dünyanın daha da aktuallaşdırdığı məsələlərdən biridir. Çünki müasir dünyada hər bir fərdin özünü realizə etmə meylinin daha əsaslı, daha qətiyyətli və məqsədyönlü olduğunu görürük. Vətəndaşlarına bunu reallaşdırmağa imkan verən dövlətlər bir addım öndədirlər. Azərbaycan dövlətçiliyinin, qanunlarının əsasında fundamental istinad nöqtəmiz ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü, rəhbərliyi və nəzarəti altında formalaşdırılan Konstitusiyamızdır. Bu məqamda demək yerinə düşər ki, böyük Zəfərdən sonra Azərbaycanda 2021-ci il "Nizami Gəncəvi İli”, 2022-ci il “Şuşa İli”, 2023-cü il “Heydər Əliyev ili”, 2024-cü il “Yaşıl dünya naminə hərməylik ili”, 2025-ci il isə “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur. Nəzər yetirsək, görərik ki, tarixi dəyərlərimiz qədər müasir dünyanın gətirdiyi çağırışların hər birinə ən ali səviyyədə diqqət yetirilir, dəyər verilir. Konstitusiyamız dövlətçiliyimizin təməlində dayanır. Bu təmələ söykənən, ümummilli liderimiz Heydər Əliyevin ideyaları və idealları ilə daha da möhkəmlənən dövlət siyasətimiz cənab Prezident İlham Əliyev tərəfindən uğurla, əzmlə davam etdirilir. Dövlətin güclü olması siyasi, iqtisadi amillərdən nə qədər asılıdırsa, ideoloji dayaqların möhkəm əsaslar üzərində qurulması da ən az və bir o qədər önəmlidir. Bu məsələdə mərkəzdə dayanan məsələ insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləridir. Cənab Prezident İlham Əliyev bu amillər üzərində formalaşdırdığı siyasi dəst-xəttini indiyə qədər əhatə dairəsinə görə ən geniş olan amnistiya aktının elan edilməsi təşəbbüsü irəli sürməklə davam etdirir. Amnistiya aktından suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə, Vətən müharibəsində, 2023-cü ilin sentyabrın 19-20 tarixlərində keçirilmiş lokal xarakterli anti-terror əməliyyatlarında iştirak etmiş şəxslərin, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, eləcə də qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bütün bu kateqoriyaların dəqiqliklə seçilməsi vətəndaşa göstərilən həssas yanaşma deməkdir. Amnistiya aktı bütövlükdə 20 mindən çox şəxsi nəzərdə tutursa, onların doğmaları, əzizləri, keçirdikləri sevinc hissləri də nəzərə alınmaqla, deməli, bu gözəl təşəbbüsün, insana verilən dəyərin əhəmiyyəti, sevinc dairəsi dəfələrlə artacaq. Azərbaycan dövləti hər zaman belə ləyaqətli amallar üzərində işləyib, qurub-yaradıb. Bu, xalqımızın xislətindən irəli gəlir. Ümummilli lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, cənab Prezident İlham Əliyev tərəfindən 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, eyni dövrdə 5 amnistiya aktı qəbul edilib, imzalanmış sərəncamlar 7060 insanı əhatə edib, humanitar siyasətə verdiyi önəmlə seçilən hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hələ Milli Məclisin deputatı olarkən 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktı qəbul edilib. Bütün bunlar bir daha ondan xəbər verir ki, Azərbaycan dövlətinin nüvəsində dayanan amil Azərbaycan vətəndaşı, onun hüquq və azadlıqlarının ən üst səviyyədə təminatıdır”.

 

Siyasi şərhçi Abutalıb Səmədov isə xatırladıb ki, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub və bu il həmin hadisənin 30-cu ildönümüdür:

 

“Eyni zamanda 2023-cü ilin sentyabrında Azərbaycan tarixinin ən böyük hadisələrindən biri baş verdi. Dövlətimizin bütün ərazisində suverenliyimiz təmin olundu, Azərbaycanda separatizmin kökü birdəfəlik kəsildi. Bu iki hadisənin əhəmiyyətini bir daha qeyd etmək üçün Azərbaycan Prezidenti 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Prezident İlham Əliyevin amnistiya təklifi ilə çıxış etməsi çox mühüm hadisədir. Bu Konstitusiyamıza və dövlət suverenliyimizin bərpasının təmin olunmasına Prezidentimizin verdiyi dəyərdir, eyni zamanda dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması istiqamətində atılan mühüm addımdır. Bu addım bir daha göstərir ki, biz yalnız birlikdə olanda böyük qələbələrə nail ola bilirik. Bundan sonra da dövlət və xalq maraqlarının tələb etdiyi məqamlarda birlikdə olmalıyıq. Amnistiya aktı on minlərlə ailəni sevindirəcək mühüm bir akt, törətdiyi əməli islah əmək müəssisələrində götür-qoy, təhlil etmək imkanı olan, yanlış addımlarını dərk edən insanların yenidən Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaları üçün atılan mühüm addımdır. Şübhə yoxdur ki, bu humanist addım həm onlar, həm də onların ailə üzvləri tərəfindən düzgün qiymətləndiriləcək. Xalqımızın birliyinin, həmrəyliyinin təmin olunmasına xidmət edəcək. Qarşıda bizi daha mühüm hadisələr, işlər gözləyir. Bütün bunların rəallaşmasında, dövlətimizin möhkəmlənməsində və inkişaf etməsində hamımız birgə əl-ələ çalışmali, birlikdə olmalıyıq".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 19 Dekabr 2025, 17:10   
Избранный
113
pravda.az

1Источники