Mübariz Göyüşlü: “Danışıqlarda iştirak edən tərəflər - Amerika və digər ölkələr İranla diqtə formasında, qalib tərzində danışır”
İran Prezidenti Məsud Pezeşkian Amerika Birləşmiş Ştatlarının danışıqlar üçün irəli sürdüyü şərtləri qəbul etmədiklərini bəyan edib. Onun sözlərinə görə, Tehran və Vaşinqton arasında danışıqlar aparılırdı və İran razılaşmaya hazır idi. Lakin ABŞ-nin müharibəyə başlaması bu prosesi pozdu.
Pezeşkian bildirib ki, hazırda Amerika tərəfi danışıqların bərpası üçün alçaldıcı şərtlər irəli sürür və o şəxsən bu cür şərtləri qəbul etməyə hazır deyil.Prezident vurğulayıb ki, İran rüsvayçılığa boyun əyməyəcək və zəif, parçalanmış ölkə modelini qəbul etmir.
Maraqlıdır, Pezeşkian alçaldıcı şərtlər dedikdə nəyi nəzərdə tutur? Tramp danışıqlarda güzəştə gedəcəkmi?
“Amerika İrandan tələb edir ki, nüvə proqramı tam və bir daha bərpa edilməyəcək şəkildə məhdudlaşdırılsın, ancaq…”
"Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “alçaldıcı şərtlər” deyəndə birtərəfli güzəşt məsələsi gündəmə gəlir: “Amerika İrandan tələb edir ki, nüvə proqramı tam və bir daha bərpa edilməyəcək şəkildə məhdudlaşdırılsın. Bu, birtərəfli güzəşt kimi İran tərəfindən şərh olunur. Qarşılığında isə Amerika elə güclü vədlə çıxış etmir. Bu səbəbdən də rəsmi Tehran razılığa gəlmir. Digər məsələ odur ki, İranınballistik raket proqramının dayandırılması vacib şərt kimi irəli sürülür,ancaq qəbul olunması gözlənilmir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, burada siyasi psixoloji təzyiq məsələsi də var: “Danışıqlarda iştirak edən tərəflər - Amerika və digər ölkələr İranla diqtə formasında, qalib tərzində danışır. İranı rusvayçı vəziyyətdə məğlub edilmiş ölkə kimi təqdim edirlər.Təbii ki, bu cür danışıqlar İran tərəfindən qəbul olunmur. Xatırladım ki, 2015-ci nüvəsazişindən Amerika birtərəfli şəkildə çıxdı. Belə olan halda İran yeni razılıqlara zəmanət görmür. Bu səbəbdən də Amerikanın danışıqlarını “alçaldıcı şərt” kimi qəbul edirlər. Belə halda yaranmış problemin həll olunmayacağı gözlənilir. Uzunmüddətli gərginliyin davam etməsi ehtimalı var, Donald Tramp sərt təzyiqlərə əl atmağa məcbur olacaq, İran isə tam geri çəkilməyəcək, ABŞ da güzəştə getməyəcək. Bu səbəbdən də uzun, mərhələli danışıqlar mərhəsi hər iki tərəfi gözləyir”.
Günel CƏLİLOVA