RU

Şans tükənir: Münaqişə “Qordi düyünü”nə çevrilir

Ukraynada hərbi-siyasi vəziyyət daha da ağırlaşır.

Rusiya hərbi birləşmələrinin ölkənin cənub-şərq bölgələrində sürətlə irəlilədiyi bir zamanda ABŞ-nin Ukrayna üzərində təzyiqlərinin artması rəsmi Kiyevi çıxılmaz vəziyyətdə qoyub. Tramp administrasiyasının Ukraynadakı münaqişə ilə bağlı mövqeyi nə Kiyev, nə də Avropa İttifaqı və Aİ-nin üzv ölkələri tərəfindən birmənalı qarşılanır.

Trampın komandası tərəfindən Rusiya ilə Ukrayna arasında müharibənin sona çatması və atəşkəsin təmin olunmasına dair tətbiq olunan 28 maddəlik sülh planında Kiyev üçün məqbul olmayan müddəalar əks olunub: Kiyevin Moskvaya ərazi güzəştlərinə getməsi Donetsk, Luqansk və Krımın Rusiyanın de-fakto ərazisi kimi tanınması, Ukrayna qoşunlarının bu ərazilərdən çıxarılması, Ukraynanın NATO-nun üzvlüyündən imtinası, Ukrayna ordusunun məhdudlaşdırılması və müəyyən miqdarda saxlanılması, həmçinin Ukraynada rus dilinin rəsmi dövlət dili statusunun bərqərar edilməsi.

 Təbii ki, bütün bunlar Kiyevin kapitulyasiyası deməkdir. Bu səbəbdən Kiyevin, o cümlədən Avropa rəsmilərinin Trampın sülh planına ilk baxışdan münasibəti mənfi olmalı idi. Ukraynanın kapitulyasiyasının qarşısını almaq, ərazi bütövlüyünü və suverenliyini qorumaq və postmünaqişə dövründə Kiyevi daimi təhlükəsizlik təminatları ilə təmin etmək üçün Ukrayna hakimiyyəti və Avropa ölkələri sülh planının yenidən tərtibatı üzrə ABŞ ilə danışıqları davam etdirir. 

Kiyev seçim qarşısında 

Ağ Ev Kiyevi Rusiyaya ərazi güzəştlərinə getməyə vadar edir, bu güzəştlər müqabilində də Ukrayna atəşkəs dövründə təhlükəsizlik zəmanətləri ilə təmin olunaq və sözügedən zəmanətlər hüquqi səviyyədə təsdiqlənəcək. Ağ Ev öz mövqeyində qətidir. “Politoco” nəşrinin məlumatına görə, Vaşinqton Kiyevdən Ukrayna üçün NATO-nun beşinci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərini nəzərdə tutan sazişə mümkün qədər tez razılıq verməsini tələb edib. Həmin təklif Tramp administrasiyasının Ukraynaya verdiyi ən güclü və ən açıq təhlükəsizlik zəmanətləridir. Lakin saziş gizli ultimatum xarakteri daşıyıb, yəni Kiyev sazişi qəbul etməkdən başqa şansı yoxdur, əks təqdirdə növbəti saziş daha da ağır ola bilər.

Nəşr vurğulayıb ki, Ukrayna hakimiyyəti Vaşinqtonun təkliflərinə müsbət mövqe sərgiləməzsə, bu cür təhlükəsizlik zəmanətləri sülh sazişinə daxil edilməyəcək. Qeyd edək ki, bu ərəfədə Almaniya Kansleri Fridrix Merts Avropa İttifaqı ölkələrinin və ABŞ-nin Ukrayna üçün NATO nizamnaməsinin beşinci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi barədə razılığa gəldiyini bildirib. Dekabrın 14-15 – də Berlində ABŞ ilə Ukrayna nümayəndələri arasında baş tutan görüş çox gərgin keçib. ABŞ Ukraynaya ağır təzyiqlər edib və Ukraynanın Donbası tərk etməsi üçün israr davam edib. Görüşdə iştirak edən diplomatlar KİV-lərə bildirib ki, görüşün abu-havası olduqca sərt idi. 

Təhlükəsizlik zəmanətlərinə nələr daxildir? 

ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələri postmünaqişə dövründə Ukraynanın təhlükəsizlik zəmanətləri ilə təmin edilməsinə dair razılığa gəliblər. Həmin zəmanətlər paketinə Rusiyanın yenidən hücum edəcəyi təqdirdə ABŞ və NATO-nun Avropa tərəfdaşları arasında dərhal məsləhətləşmələrin aparılması, ABŞ-nin Ukraynaya birbaşa və Avropa vasitəsilə silah təminatı üçün logistik dəstəyin göstərilməsi, Ukraynaya hərbi, iqtisadi və maliyyə istiqamətində yardımların edilməsi, Rusiyaya qarşı sanksiyaların tətbiq olunması, Ukrayna üçün canlı qüvvənin təmin edilməsi, eləcə də digər yardım növləri də daxildir. Berlində yekun bəyanat qəbul olunub Berlin görüşündə Avropa liderləri Ukraynadakı münaqişəyə dair birgə bəyanat qəbul ediblər, eyni zamanda, görüşdə təhlükəsizlik zəmanətlərini özündə əks etdirən layihə də irəli sürülüb.

Liderlər öz bəyanatında Prezident Trampın Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsi səylərində əhəmiyyətli irəliləyişlərini, həmçinin Zelenskinin və Tramp, eləcə də Avropa komandaları arasında sıx təmasları alqışlayıblar. Onlar Ukraynanın suverenliyini və Avropanın təhlükəsizliyini qoruyan davamlı sülhə nail olmaq üçün Prezident Tramp və Prezident Zelenski ilə birlikdə işləmək barədə razılığa gəldiklərini də bəyan ediblər. Bəyanatda Avropa liderlərinin ABŞ ilə müharibənin sona çatmasına dair razılaşma kontekstində Ukraynada möhkəm təhlükəsizlik zəmanətləri və iqtisadi bərpa dəstək tədbirlərini həyata keçirmək üçün birlikdə işləməyə sadiq qalacaqları ilə bağlı bənd də öz əksini tapıb.

Təhlükəsizlik zəmanətlərinə gəlincə, Ukraynaya silahlı qüvvələrini yenidən qurmaq üçün davamlı və əhəmiyyətli dəstək veriləcək, Ukrayna Silahlı Qüvvələri növbəti münaqişənin qarşısını ala bilmək üçün 800.000 nəfər çərçivəsində saxlanılacaq. Hərbi dəstəklə yanaşı, Ukraynada Avropa ölkələrinin hərbçilərindən ibarət və ABŞ tərəfindən dəstəklənəcək sülhməramlı qüvvələr yerləşdiriləcək. Bu qüvvələr Ukrayna ordusunun bərpasına və ölkədə təhlükəsizliyin təminata dəstək göstərəcəklər.

Bununla yanaşı, sözügedən layihədə qeyd olunur ki, gələcək hər hansı bir hücum barədə erkən xəbərdarlıq etmək və hər hansı bir pozuntuya cavab vermək, habelə deeskalasiya tədbirlərini görmək üçün ABŞ-nin rəhbərliyi ilə atəşkəs monitorinqi və yoxlama mexanizmi qurulacaq. Ukraynaya təhlükəsizlik qarantiyası NATO-nun nizamnaməsinin 5-ci maddəsinə uyğun həyata keçiriləcək. Avropa liderlərinin irəli sürdüyü layihədə Ukraynanın gələcək çiçəklənməsinə investisiya qoymaq, o cümlədən bərpa və yenidənqurma üçün əsas resursları müəyyən etmək, qarşılıqlı faydalı ticarət müqavilələri və Rusiyanın Ukraynaya dəyən ziyanı kompensasiya etmək kimi məsələlər də nəzərə alınıb. 

Rusiyadan xəbərdarlıq 

ABŞ və Aİ-nin Ukraynanın atəşkəsdən sonrakı dövrdə təhlükəsizliyinə dair zəmanətləri Moskva tərəfindən normal qarşılanmır, daha doğrusu, Kreml Ukraynada Avropa ölkələrinin hərbiçilərindən ibarət sülhməramlı qüvvələrin yerləşməsinə qarşıdır. Rusiyanın hərbi-siyasi rəhbərliyi bunu NATO-nun Ukraynada gələcək mövcudluğu kimi qəbul edir. Artıq Rusiya rəsmiləri bu barədə öz narahatlığını rəsmi səviyyədə çatdırıblar. Kremlin mətbuat katibi Dmitri Peskov bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, Moskva Ukraynada öz maraqlarına uyğun sülhün təmin olunmasını istəyir.

“Biz sülh istəyirik, Ukraynaya nəfəs almaq və müharibənin davam etməsinə hazırlaşmaq üçün atəşkəs istəmirik. Biz bu müharibəni dayandırmaq, məqsədlərimizə çatmaq, maraqlarımızı təmin etmək və gələcək üçün Avropada sülhü təmin etmək istəyirik. Biz də bunu istəyirik",-  deyə Peskov bildirib.

Rusiya Prezidentinin müşaviri, Rusiya Dövlət Şurasının sədri və Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü Aleksey Dyumin isə qeyd edib ki, Rusiya üçün məsələ yalnız NATO-ya üzvlük məsələsi deyil, eyni zamanda təhlükəsizlik zəmanətinin arxitekturasıdır. Onun sözlərinə görə, əgər NATO-ya üzvlük olmayacaq, lakin onun əvəzinə NATO-nun aparıcı üzvləri 5-ci maddə tipli təhlükəsizlik zəmanəti verirlərsə, bunun özü yenə də de-fakto NATO üzvlüyüdür.

“NATO-nun Avropa qanadı sülhməramlılar adı ilə Ukraynada olacaqsa, bu, NATO Ukraynada olacaq deməkdir. Rusiya İstanbul anlaşmalarında olduğu BMT TŞ çərçivəsində 5 üzvün iştirakı ilə təhlükəsizlik zəmanətlərinin vacib olacağını hesab edir". 

Rusiya Müdafiə naziri Andrey Belousovun açıqlaması Moskvanın Ukrayna ilə bağlı mövqeyinin dəyişməz olduğunu sübut edir:

“Avropa ölkələrinin və NATO-nun siyasəti 2026-cı ildə hərbi əməliyyatların davam etdirilməsi üçün real şərtlər yaradır. Biz 2026-cı ildə də əməliyyatları davam etdirmək məcburiyyətində qala bilərik". 

Zelenski mübarizəni davam etdirəcək, yoxsa? 

Prezident Volodimir Zelenskinin Rusiya ilə atəşkəsə gedib-getməyəcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Zelenski son çıxışlarında Moskvaya heç bir ərazi güzəştinə getməyəcəyini və ölkəsinin NATO-ya üzvlük məqsədindən imtina etməyəcəyini bəyan etsə də, Qərb KİV-lərindəki məlumatlar vəziyyətin heç də belə olmadığını göstərir. “Axios”-un məlumatına görə, Zelenski son görüşlərdə Amerika tərəfinə bildirib ki, Donbasın təhvil verilməsi və digər ərazi güzəştləri ilə bağlı ümumxalq referendumuna hazırdır. “Axios” əlavə edib ki, Zelenski Tramp administrasiyasının sülh planını təzyiq altında qəbul edib. “Sky News” isə Amerika rəsmilərinə istinadən yazıb ki, Vaşinqton Kiyevin Ukrayna münaqişəsinin həlli üçün ərazi məsələləri ilə bağlı qərar qəbul etməsini gözləyir.

“Bloomberg" xəbər verir ki, Zelenski ərazi məsələsini öz komandası ilə müzakirə etməlidir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bəyanatı da xüsusi diqqət çəkir. Kallas bəyan edib ki, Ukraynanın NATO-ya üzvlüyü artıq müzakirə edilmir, ancaq əvəzində Kiyevə təhlükəsizlik zəmanətləri veriləcək: “Bu məsələ daha gündəmdə olmayacaq. Ona görə də əgər Ukraynanın NATO üzvlüyü artıq müzakirə mövzusu deyilsə, Aİ Ukraynaya real təhlükəsizlik zəmanətləri təqdim etməlidir. Bu, sadəcə bəyannamələr deyil, real hərbi mövcudluq, qoşunlar və imkanlar tələb etməlidir". 

Nəticə etibarı ilə ekspertlər qənaətə gəliblər ki, Zelenski hakimiyyətinin dirənişi çox da davam etməyəcək, rəsmi Kiyev Rusiya ilə gec-tez atəşkəs sazişi imzalayacağına, ölkənin cənub-əraziləri – Donetsk və Luqanskın Rusiyanın de-fakto nəzarəti altında olmasına, Ukraynanın neytral statusda qalmasına və Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə razı olacaq. Hazırki vəziyyət onu deməyə əsas verir ki, Kiyevin şansı tükənir.

Избранный
104
cebheinfo.az

1Источники