RU

Fransa Avropanın ən böyük nüvə aviadaşıyıcısını TİKİR

Fransa Avropanın ən böyük aviadaşıyıcısının inşasına başlayır.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Makron köhnəlmiş “Şarl de Qoll”u əvəz edəcək gəminin detallarını açıqlayıb, layihənin dəyəri 10 milyard avronu keçir.

Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron ölkənin hərbi donanmasını gücləndirəcək yeni aviadaşıyıcının tikintisi ilə bağlı planları elan edib.

Yeni gəmi istismar müddəti başa çatmaqda olan “Şarl de Qoll” aviadaşıyıcısını əvəz edəcək.

“Porte-Avions Nouvelle Génération” (PANG) adı ilə tanınan proqramın ümumi dəyərinin təxminən 10,25 milyard avro təşkil edəcəyi bildirilir.

Qeyd olunur ki, yeni gəminin nüvə güc qurğusunun komponentləri üzərində işlərə hələ ötən il başlanılıb. Tikinti üçün yekun sifarişin cari ilin (2025-ci ilin) sonuna qədər yerləşdirilməsi nəzərdə tutulur.

Gəminin bəzi mühüm hissələri idxal ediləcək. Məsələn, təyyarələrin havaya qalxması üçün nəzərdə tutulan elektromaqnit katapultlar ABŞ-dən satın alınacaq.

Bildirilir ki, PANG “Avropada indiyədək inşa edilmiş ən böyük hərbi gəmi” olacaq.

Nəhəng aviadaşıyıcının 2038-ci ildə istismara verilməsi planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az


Избранный
100
interpress.az

1Источники