Davam edən münaqişə və bərpa ehtiyacları Kiyevin Aİ-yə qoşulmasını çətinləşdirir...
Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü davam edən hərbi münaqişə, ölkənin bərpa ehtiyacları, idarəetmə problemləri və siyasi xüsusiyyətlər səbəbindən mürəkkəbdir. Buna görə də Kiyevin müraciəti daha incə hesablamanı tələb edir.
Nəşr qeyd edir ki, Aİ-nin gələcək genişlənməsi ehtiyatla aparılmalıdır və bu, Ukrayna üçün də keçərlidir. Bloomberg vurğulayır ki, Aİ mövcud ticarət, enerji, gömrük və normativ sahələr üzrə əlaqələri dərinləşdirməyə yönəlmiş daha çevik yanaşmaya ehtiyac duyur. Bu isə Ukraynanın gələcəkdə tamhüquqlu üzvlüyü üçün zəmin yaradacaq.
Jurnalistlər əlavə edirlər ki, Ukraynanın coğrafi ölçüsü, sənaye potensialı və hərbi dayanıqlığı onu gələcəkdə Aİ üçün “strateji aktiv” edə bilər.
Qeyd edək ki, hazırkı ABŞ sülh planına əsasən, Ukraynanın Aİ-yə üzv qəbul olunması 2027-ci ilədək planlaşdırılır. The Washington Post nəşri yazıb ki, bu üzvlük ölkədə ticarət və investisiyaların inkişafına, həmçinin korrupsiyanın səviyyəsinin azalmasına töhfə verə bilər.
Poliqon.info